Ən uğurlu və ən çox tənqid olunan - "Qarabağ"ı Türkiyə nəhəngləri kimi görmək istəyənlər

12:42 - 5 Sentyabr 2025

"Qarabağ" ölkəmizin ən uğurlu futbol klubudur. Əslində, sıradan çempionatda iştirak edə-edə daim avrokuboklarda oynaması qanunauyğunsuzluq kimi bir şeydir. Amma "Qarabağ" bunu bacarır. 

Ən uğurlu olmaqla yanaşı, "Qarabağ" həm də ölkəmizdə ən çox tənqid olunan klubdur. Qəribədir, eləmi... Əslində, sevgi çox olduğu qədər gözlənti də böyükdür Qurban Qurbanovun komandasından. Amma elələri də var ki, fürsət gəzir "Qarabağ" barədə neqativ danışmaq üçün. 

"Qarabağ" Çempionlar Liqasında Liqa mərhələsinə düşüb. Prestijdir, qazancdır, futbol bayramıdır! Amma yenə də tənqid olunur. Səbəb də odur ki, "Qarabağ" Liqa mərhələsi üçün hücumçu ala bilməyib. Tənqid edənlər arasında "Qarabağ"ı ürəkdən sevənlər, fürsətdən yararlananlar və küyə gedənlər var. Sevginin gözü kor olduğu üçün birinci qrupa aid olanlar heç nə eşitmək istəmir. İkincilərin məqsədi məlumdur, onları da keçdik. Amma məsələyə adekvat yanaşan kəsim soyuq başla bunları oxuyub, düzgün nəticə çıxarmalıdır. 

"Qarabağ"ın bu yerlərə gəlib çatmasının bir nömrəli səbəbkarı sizin illərdir tənqid etdiyiniz Gözəl ailəsidir. Məhz bu adamların böyük yatırımları hesabına qürur duyduğumuz bir kluba sahibik. Təbii ki, "Qarabağ" özü də pul qazanmağı öyrənib arxada qalan dövr ərzində. Oyunçu satışları ediblər, UEFA-dan gəlirlər əldə ediblər. Lakin Avropa Liqasından əldə edilən vəsait büdcənin tam dolması üçün yetərli olmayıb. Çatışmayan hissəni sponsor verib həmişə. 

Çempionlar Liqası bu baxımdan da turnirlərin ən yaxşısıdır. Böyük gəlir əldə olunacaq. Bununla yanaşı həm də başqan Tahir Gözəl də kluba tarixinin ən böyük büdcəsini ayırıb. Deyə bilərik ki, hal-hazırda "Qarabağ"ın Azərbaycan çapında samballı büdcəsi var. Çoxlarının arzusu odur ki, klub "kisənin ağzını açıb" milyonları sağa-sola səpələyib bahalı futbolçular gətirsin. Yəni, bir növ Türkiyə nəhənglərinin kiçik modelinə çevrilsin "Qarabağ". 

15 il əvvəl Azərbaycanda çox imkanlı klublar var idi. Çoxu itib-batdı, tarixin yaddaşına qovuşdu. "Qarabağ" isə aramla, səbirlə yoluna davam etdi və bunun bəhrəsini gördü. "Qarabağ"ın əsas özəlliyi də elə həmişə onda olub ki, kiçik, aldadıcı uğurlar dalınca qaçmayıb, daha uzaqgörən davranıblar. 

"Qarabağ" hücumçu gətirmədiyinə görə qınanır. Bir neçə futbolçuyla danışıqlar getsə də, keçidləri tamamlamaq alınmayıb. Çünki dünənə qədər həmin futbolçuları bir qiymətə satmağa hazır olan klublar, "Qarabağ" ÇL-ə düşən kimi başqa qiymətlərdən dəm vurmağa başlayıblar. Sadə dildə desək, "qiymət oxuyurlar". 

Tahir Gözəl vəsait ayırmağa hazırdır, amma Qurban Qurbanov hər hansı futbolçuya dəyərindən çox pul verilməsinə razı deyil. Bu gün fürsət bilib "Qarabağ"dan pul qazanmaq istəyənlər var. Amma Qurban Qurbanov yaxşı bilir ki, bu gün tələsik gətirdiyi futbolçunun puluna qışda bəlkə də ondan daha yaxşı iki hücumçu cəlb etmək mümkün olar həmin məbləğə. 

Həm də, "Qarabağ" hətta 5-10 milyonluq hücumçu gətirsə belə, Liqa mərhələsində nəhənglərlə başabaş mübarizəsi real deyil. Ona görə "Qarabağ"ın hədəfi elə heyət qurmaqdır ki, klub gələn mövsüm də Çempionlar Liqasına düşə bilsin. Hamımız istəyərdik ki, hücumçu indi alınsın. Amma bu olmayıbsa, tarix yazan, bizə böyük sevinc yaşadan klubun üzərinə getmək doğru deyil!

Həmid

Xəbər xətti