Ayxan Abbasov: "İnanmıram ki, bu açıqlamanın komandaya təsiri olsun"

17:41 - 18 Aprel 2026

"Rəqibi qələbə münasibətilə təbrik edirəm. Bilirdik ki, "Karvan-Yevlax" son matçlara final kimi baxır. Motivasiyaları yüksəkdir. Bundan öncəki matçda da əzmkarlıqları görünürdü, bu gün də göründü. Oyun əlimizdə idi, dominantlıq edirdik, amma qol vura bilmədik. Bir çox oyunlar var ki, bu məqamlarda axsadıq və uduzduq. Bəlkə də futbolçuların ustalığı çatışmadı. Çox işləməlidirlər. Buna baxmayaraq, isti havada 90 dəqiqə vuruşmaq, ruhdan düşməmək, hücum etmək, son saniyəyə qədər epizoda girmək yaxşı göstəricidir. İstəyərdik ki, qalib gələk və turnir cədvəlində irəliləyək. Olmadı. Qarşıdakı matçlara baxacağıq".

Sportal.az xəbər verir ki, bu sözləri “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 28-ci turunun “Karvan-Yevlax”la görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını da cavablandırıb.

- İki fərqli hissə izlədik. Birinci hissədə temp yüksək deyildi. Fasilədən sonra rəqibi təzyiq altında saxladınız. Siz tapşırmışdız ki, futbolçular belə oynasın?

Hava isti idi, bu da imkan vermədi. Rəqib də tempi yüksəltməyimizi istəmirdi. Bu da normaldır. İkinci hissədə dəyişikliklər etdik, hücumameyilli oyunçular meydanda oldu. Amma bu da yetərli olmadı. Birinci hissədə də 3 real qol vəziyyətimiz var idi. Futboldur da, olur.

- Sizdə sanki motivasiya yox idi. Bu da işinizin öhdəsindən erkən gəlməyin fəsadlarıdır? Komanda Premyer Liqada qalıb...

Motivasiya baxımından bizdə problem yox idi. Bu olmasaydı, komanda 90-cı dəqiqəyə qədər vuruşmazdı. Futbolçular hər şeyi etdilər. Sadəcə dediyim məqamlarda yetərli olmadı. Xüsusən də gənc futbolçuların epizodları var idi. Məşqlərdə də yaxşıdırlar. İşin öhdəsindən gəliblərsə, stressiz oyunlar olacaq. Rəqib isə daha mübarizəli görünə bilərdi.

- Ötən mətbuat konfranslarında "Şamaxı"dan ayrılacağınızın siqnalını vermişdiniz. Bu gün də komandanın əvvəlki kimi görünməməsinin səbəbi məhz o açıqlamadır? Futbolçular bilir ki, baş məşqçi gedir. Bunun komandaya təsiri var idi?

Məncə, daha əksinə ola bilər. Futbolçular daha məsuliyyətli olmalıdır. Çünki mövsümün sonu yaxınlaşır. Müqaviləsinin müddəti başa çatan futbolçular var. Futbolçular mövsümün sonuna yaxın özlərini göstərmək istəyirlər. İnanmıram ki, bu açıqlamanın təsiri olsun. Məğlub olanda çox suallar ortaya çıxır.

Mirbağırağa

Xəbər xətti