Məşhur futbolçunun oğlu Braziliya klubu ilə müqaviləni ləğv edə bilər - Neymardan şikayətçidir

00:58 - 5 May 2026

Robinyonun oğlu "Santos" rəhbərliyinə Neymar ilə yaşanan münaqişədən sonra şikayət edib.

Sportal.az xəbər verir ki, bazar günü Braziliya klubunun məşqində futbolçular arasında insident baş verib. 34 yaşlı hücumçu 18 yaşlı vingerin onu keçməsindən narazı qalıb və bunu hörmətsizlik kimi qiymətləndirərək daha sakit oynamağı xahiş edib. Münaqişə daha sonra yüngül itələşmələrlə davam edən qarşıdurmaya çevrilib. Şahidlərin sözlərinə görə, Neymar əvvəlcə rəqibinə ayaq ilişdirib, daha sonra isə ehtimal ki, ona zərbə də endirib.

Bazar ertəsi Robinyonun oğlunun nümayəndələri klub rəhbərliyinə bu vəziyyətlə bağlı tədbir görülməsi tələbi ilə müraciət ediblər. 18 yaşlı futbolçunun sözlərinə görə, komanda yoldaşı onu təhqir edib, ayağına ilişdirib və üzünə güclü zərbə vurub.

Futbolçunun tərəfi “Santos”dan daxili araşdırma aparmağı və görüləcək tədbirlər barədə rəsmi açıqlama verməyi tələb edir. Bundan əlavə, nümayəndələr müqavilənin mümkün ləğvini müzakirə etmək üçün rəhbərliklə görüş keçirilməsini istəyirlər.

Xəbər xətti