"Qarabağ"ın dünənki məğlubiyyəti son deyil, yeni mərhələnin başlanğıcıdır" - Bəhram Bağırzadə

13:56 - 31 İyul 2026

Aktyor, naşir Bəhram Bağırzadə sosial şəbəkə hesabında "Qarabağ"la bağlı paylaşım edib. Sportal.az xəbər verir ki, Bağırzadə "Qarabağ"ın ötən gün Avropa Liqasında Bolqarıstanın ÇSKA (Sofiya) klubuna məğlubiyyətini belə şərh edib: 

"Biznesdə də, həyatda da sadə bir həqiqət var: hər şeyin öz vaxtı var. Yeni bir işə başlayanda hamımız tez nəticə görmək istəyirik. Gecə-gündüz çalışırıq və ani uğur gözləyirik. Amma reallıqda belə olmur. Hər ciddi nəticənin arxasında zaman, təcrübə, səhvlər və davamlı zəhmət dayanır.

Eyni şey digər sahələrdə də baş verir. Mən tez-tez "Bakılı oğlanlar" KVN komandasını xatırlayıram. Əgər 1992-ci ilin komandası ilə 2000-ci ilin komandasını müqayisə etsək, arada yerlə-göy qədər fərq var idi. XX əsrin çempionu olmaq üçün bizə səkkiz il lazım oldu. Səkkiz il fasiləsiz iş, inkişaf və təkmilləşmə.

Niyə bunu deyirəm? Çünki "Qarabağ"ın dünənki məğlubiyyəti son deyil, yeni mərhələnin başlanğıcıdır. Hər məğlubiyyət düzgün nəticələr çıxarıldığı halda yeni imkanlar açır.

Mən bu komandaya bir il sonra baxmağı çox istəyirəm. Və çox istəyirəm ki, bir ildən sonra yenidən CSKA ilə oynamaq şansımız olsun. Komandaya vaxt lazımdır ki, futbolçular bir-birini daha yaxşı tanısın, qarşılıqlı anlaşma və özünəinam qazansın.

Bu baş verəndə, qələbə də uzaqda olmayacaq".

Xəbər xətti