“Fulhem”in baş məşqçisi Alvaro Arbeloa “Mançester Yunayted”lə heç-heçədən sonra hakimlərin mankunianlara simpatiya bəslədiyini bildirib.
Sportal.az xəbər verir ki, Premyer Liqanın 5-ci turunun oyunu 1:1 hesabı ilə başa çatıb. Arbeloa Sky Sports-a müsahibəsində bunları qeyd edib:
“Qələbəyə çox yaxın idik. Yenə bir qədər bəxtimiz gətirmədi, amma böyük komandaya qarşı oynamağın asan olmayacağını bilirdik və hakimin matç boyu nə etdiyini gördük. Bir çox şey onların xeyrinə alındı. Bunu Harri Maquayrın folu ilə bağlı epizodda da görmək olardı. Bütün qərarlar onların xeyrinə idi. “Mançester Siti” ilə oyundan sonra başa düşdüm ki, hakimlər “Mançester Yunayted”in məğlub olmasını istəmirlər. İlk qələbəmizə çox yaxın idik və indi bir qədər məyusuq.
Düşünürəm ki, yaxşı oyun keçirdik. Aydındır ki, matç asan deyildi, sonuncu pillədə idik, amma topla davranışımızda xarakter nümayiş etdirdik, cəsarətli oynadıq. Bəzi məqamlarda müdafiə olunmalı olduq, amma ümumilikdə yaxşı çıxış etdik. Keçid fazalarına və əks-hücumlara nəzarət etmək istəyirdik. Bəzən onlar boş zonalar tapırdılar. Bu, böyük komandaya qarşı çətin oyun idi və mənim fikrimcə, mövsümün sonunda onlar turnir cədvəlinin zirvəsinə yaxın olacaqlar.
İndi ilk qələbəmizi qazanmalıyıq. İlk beş oyunumuzun təqviminə baxsaq, artıq “Mançester Yunayted”, “Çelsi”, “Liverpul”la “Enfild”də və “Sanderlend”lə qarşılaşmışıq. Qarşıda oktyabr ayı var və bu ay bizim üçün çox vacib olacaq. Hansı komanda olmaq istədiyimizi göstərdik və belə oynamağa davam etsək, qələbələr gələcək”.
saytlarin hazirlanmasi
