Yeton Bekiri: "Qarabağ"ın ötənilki heyəti daha güclü idi"

18:17 - 23 Oktyabr 2026

"Qəbələ" Misli Premyer Liqasının IX turunda Şamaxı şəhər stadionunda "Araz-Naxçıvan"ı 2:1 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Yeton Bekiri matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Hər iki komanda üçün çətin oyun oldu. Qələbə çox vacib idi. Bu gün qalib gəldik. Dayanmaq olmaz. Qarşıdakı matçlarda da qələbə qazanmaq lazımdır. Zamanla daha yaxşı olacağıq.

- Komandanız daha çox müdafiəyə meyilli oynayırdı. Bunun səbəbi nədir?

- Hər oyunun öz taktikası olur. Vəziyyətə uyğun qərar vermək lazımdır. Bu gün ilk qolu biz vurduq. "Araz-Naxçıvan"ın keyfiyyətli oyunçuları var. Onlar bizi müdafiəyə çəkilməyə məcbur etdilər. Oyunda razı qaldığım və qalmadığım məqamlar var.

- Komandanı siz yığmamısız. Futbolçuların keyfiyyəti barədə fikriniz necədir?

- Bəli, oyunçuları mən seçməmişəm. Hamısı keyfiyyətli futbolçulardır. Biz sadəcə oyun üslubunu dəyişdik. Futbolçuların mənim fəlsəfəmi başa düşməsi üçün vaxt lazımdır.

- Bu futbolçuların potensialı sizin istədiyiniz oyunu oynamağa imkan verir?

- Hamısının potensialı yaxşıdır. Bəzi oyunçular komandaya gec qatıldıqları üçün formada deyillər. Günü-gündən daha yaxşı olacağıq.

- "Şkendiya"da çalışdığınız vaxtda "Qarabağ"a məğlub olmusuz. Növbəti turda onlarla qarşılaşacaqsız. Sizin üçün xüsusi oyun olacaq?

- Öncə onu deyim ki, ölkənizi çox sevirəm. Azərbaycan Premyer Liqasının səviyyəsi yüksəkdir. Burada güclü komandalar çoxdur. "Qarabağ" yaxşı komandadır, baş məşqçiləri uzun müddətdir orada çalışır. Ölkənin ən yaxşı mütəxəssislərindən sayılır. Amma onu deyim ki, "Qarabağ"ın ötənilki heyəti daha güclü idi.

Elçin Əlixan

Xəbər xətti