Rövnəq müəllim, Elxan bəy, siz bizə heç qulaq asmayın

03:10 - 11 Oktyabr 2014

Futbol budursa, digərlərinin oynadığı nədir?

 

Məğlubiyyət onsuz da alnımıza yazılıb. İtaliya ilə oyundan zatən yaxşı nəticə gözləmirdik. Çünki Kontenin komandası qrupun açıq-aşkar favoritidir. Ancaq oyun...

 

Millimiz yenə biabırçı, cansıxıcı, məntiqsiz oyunuyla azarkeşlərin sinirləri ilə oynadı. Görəsən, heç xəcalət çəkdilər belə oyuna görə? Artıq dünyada az qala hamı futbol oynamağı öyrəndiyi bir dönəmdə bizimkilər 3-4 ötürmədən çox topu özlərində saxlaya bilmirlər.

 

Bu nə futboldu? Futbol budursa, digərlərinin oynadığı nədir?

 

90 dəqiqə ərzində bir dənə də düz-əməlli hücum yarada bilmədik. Oyunboyu italyan futbolçular cərimə meydançamızda var-gəl elədilər. Berti Foqts isə utanmadan belə çıxışı yaxşı hesab edir. Axı, özünə hörmət eləyən hansı mütəxəssis belə oyuna yaxşı qiymət verər?

 

Alman mütəxəssis İtaliya ilə oyundan sonra millimizi gənc adlandırıb. Kamran Ağayev, Rəşad Sadıqov, Elnur Allahverdiyev, Rahid Əmirquliyev, Rasim Ramaldanov, Vüqar Nadirov, Cavid Hüseynovdurmu gənc? Azərbaycanda gənc sayılan Rauf Əliyev də artıq 25-i haqlayıb, Foqts isə gənc yığma deyir qocaların qvardiyasına.

 

Yaxşıdır da, 90 dəqiqə meydanda sürünün, oyun ərzində qazanılan yeganə künc zərbəsindən anlaşılmaz bir qol olsun, sonra da deyin ki, İtaliya ilə oyunda bundan yaxşı nəticə istəyirdiz?

 

Əvvəl Axtyamov idi, sonra Murad Hüseynovu gətirdilər, indi də Rüfət Dadaşovu “paz” eləyiblər millimizə. Bəsdirin də, bu rəzalətə biri son qoymayacaqmı? Görmürsüz ki, Foqts heç adi oyunçu seçimini düzgün apara bilmir?

 

Bolqarıstanla oyundan sonra yazmışdım ki, millidə normal məşqçi olsaydı, həmin görüşdə qələbə qazanmaq olardı. İndi də, iddia edirəm ki, İtaliya ilə oyunda yaxşı məşqçimiz olsaydı, düzgün heyət seçib, yaxşı oyun qurub nəticə əldə edə bilərdik.

 

Rövnəq müəllim, Elxan bəy, siz bizə heç qulaq asmayın. Fotqsa bir az da dəstək olun, “gənc” yığmasına təcrübə aşılasın...

 

Emin ABBASOV

Xəbər xətti