Fransızlar üçün "Qarabağ" həqiqəti

"Play-off" uzaqda deyil

 

“Play-off”a adlamaq üçün fransızların bu oyuna ümidləri çox böyük idi. Kağız üzərində apardıqları hesab-kitabda bu oyundan yalnız 3 xalla ayrılmalı idilər. Ancaq sən saydığını say, gör, “Qarabağ” nə sayır.

 

Dəqiqələr, dəqiqələr, keçmək bilməyən dəqiqələr... Vaxt bizimlə dirəşmişdi, biz isə rəqiblə. Hələ Avroliqanın qrup oyunlarında heç bir oyun “Qarabağ” üçün bu qədər çətin keçməmişdi.

 

“Qarabağ” “Sent-Etyen”lə oyunda yaralı aslana bənzəyirdi. Yorulmuş, taqətdən düşmüş, ancaq bütün bunlara baxmayaraq, sona qədər döyüş meydanından çəkilmək istəməyən aslana. Mövsümün başlamasından cəmi 4 ay keçib, “Qarabağ” isə artıq 20-dən çox oyuna çıxıb. Adi gözlə baxanda da, hiss olunur ki, güc günü-gündən tükənir. Üç gündən bir oyunlar, zədəlilərin çox olması artıq öz sözünü deməyə başlayır. Amma hər şeyə rəğmən, “Qarabağ”ımız Fransadan qəanətbəxş nəticə ilə qayıdır.

 

Nəhayət ki, hakimlər də bir dəfə bizim xeyrimizə qərarlarla yadda qaldılar. Vüqar Nadirovun vurduğu qol zamanı topu ələ də dəymiş olsa, rəqibin qolu qeydə alınmasa da, bu heç nəyi dəyişmir. Çünki bizə qarşı da dəfələrlə belə səhvlər olub. Nə vaxtsa bizim xeyrimizə də belə səhvlər olmalıydı və həmin vaxt bu günə təsadüf elədi.

 

Oyun sona yaxınlaşdıqca “Sent-Etyen” təzyiqi o qədər artırmışdı ki, künc zərbələri bir-birini əvəzləyirdi, hər iki dəqiqədən bir top uzun ötürmələrlə cərimə meydançamıza göndərilirdi. Qurban Qurbanov etdiyi əvəzləmələrlə komandanın müqavimət gücünü lazımı səviyyədə saxlaya bildi. Sehiçli, Rəşadlı, Bədavili müdafiəmizlə tab gətirdik. Ki, bunun da bədəli qızıla bərabər 1 xal oldu.

 

Hə, bəxt də üzümüzə güldü. Çox vaxt qara gələn bəxtimiz bir dəfə də üzümüzə gülməliydi də.

 

Hələ bir neçə ay əvvəl bizə xəyal kimi görünən “play-off” da uzaqda deyil. “Qarabağ” son dəfə toparlanıb futbol tariximizdə yeni səhifə aça bilər. Yeni ilə qapını axrasınca möhkəm çırpıb getmək üçün son zərbə lazımdır. “Sent-Etyen”ə 1 xal verdik və 1 xal aldıq, “Dnepr”dən 3 xal aldıq və 3 də verdik, “İnter”ə 3 xal vermişik, 3 xalımız onlarda əmanət qalıb. Onu geri almağımız lazım!  

 

Emin ABBASOV

Tarix: 28 Noyabr [02:45]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
4 Dekabr 2020
3  Dekabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio