Sportal.az Media Komitəsi üzvlüyündən imtina etdi

13:35 - 23 Aprel 2016

Media Komitəsinə üzvlük məsələsi ortaya çıxanda, bir neçə aparıcı idman saytı bundan birmənalı şəkildə imtina etdi. Bunun üçün tutarlı əsasları da var idi. İlk gündən bizim aramızda da (redaksiyada)  fikirlər haçalandı. Aramızda Media Komitəsinin Elxan Məmmədovun maraqlarını təmin eləyən bir qurum olduğunu düşünənlər də, buna fərqli yanaşanlar da var idi. Çox götür-qoy etdikdən sonra bu layihəyə qatılmaq qərarına gəldik.

 

Lakin artıq birinci layihə seçimlərində müşahidə etdiklərimiz bizə kifayət elədi ki, Media Komitəsi üzvlüyündən çıxmağımıza qərar verək. Seçimlərlə bağlı çox məsələyə toxuna bilərdik, ancaq yalnız özümüzlə bağlı məqama toxunacağıq. Sportal.az futzal sahəsinin təbliğatı ilə bağlı layihə təqdim etmişdi. Qısaca deyək ki, bu layihədə yüksək və 1-ci liqa çempionatlarından videoicmalların hazırlanması, fotoreportajlar, müsahibələr, araşdırma yazılar və s. nəzərdə tutulmuşdu. Lakin layihəmiz qəbul olunmadı. Komitənin rəhbəri Mahir Rüstəmli ilə əlaqə saxladıqdan sonra aydınlaşdı ki, layihə zəif yazılıb. Ola bilər, buna qəti etiraz etmək istəmirik. Çünki əvvəlcədən elan olunmuşdu ki, layihələr sadə yazılsın, ola bilər biz lazım olandan da sadə layihə yazmışıq. Ancaq bu məsələdə bizim üçün bəzi qaranlıq məqamlar qaldı. Ondan başlayaq ki, layihə ilə yanaşı saytların reytinqi, maddi-texniki bazası, orada çalışan şəxslərin təcrübəsi də nəzərə alınmalıydı. Necə ola bilər ki, ofisi olmayan, 1 işçi ilə kifayətlənən, ziyarətçi sayı 300-500 nəfəri keçməyən saytlarla müqayisədə, 4 işçisi, ofisi, gündəlik ziyarətçisi 5-6 mindən çox olan, texniki avadanlığa sahib sportal.az-a fərq qoyulmadı? İkincisi, layihənin necə yazılmasından çox, onun necə işlənməsi daha vacibdir ki, sportal.az 2013/14 mövsümündə uşaq futbolunun təbliği ilə bağlı çox keyfiyyətli layihə ortaya qoymuşdu. AFFA-nın çoxmilyonluq büdcə ilə etmədiyini biz öz cibimizin xərci ilə həyata keçirmişdik. 11-12 yaşlı uşaqların oyununda iki kameralı çəkilişlər, icmalların hazırlanması, müxtəlif səpkili sujetləri komitədəki bəylər unutsalar da, həmin balaca uşaqlar unutmazlar!

 

Biz elə başa düşürük ki, komitə üzvləri layihəyə baxıblar, çoxluq əlehinə səs verib və bu məsələ beləcə bağlanıb. Axı, bizi illərdir tanıyan, işimizə bələd olan bəylər belə rahat qərar verməməli, ən azı sportal.az-ın bu ölkədə idman saytları arasında aktiv fəaliyyət göstərən 7-8 saytdan biri olduğunu mütləq şəkildə nəzərə almalı, layihəyə əl gəzdirib qısa zamanda yenidən təqdim etməyimizi və ya müzakirə üçün iclasa dəvət olunmağımızı təmin edə bilərdilər. Nə isə... orada əyləşənlərin bəzilərinin bizə qarşı münasibəti hələ illər əvvəldən məlum idi, digərlərininki də indi məlum oldu. Olsun. Sadəcə biz elə düşünürük ki, orada əyləşən bəylər həmkarları itirməyə yox, əksinə, sıralarını genişləndirməyə çalışmalıdırlar.

 

Sportal.az Media Komitəsi üzvlüyünü tərk etdi, bu məsələyə son qoyduq. Lakin bu o demək deyil ki, əlimizi-qolumuzu sallayıb heç bir işlə məşğul olmayacağıq. Özümüzə qarşı gördüyümüz belə xəbis münasibət bizi daha yaxşı işləmək üçün həvəsləndirir. Nə birinci, nə də sonuncu hadisədir. Ölkədə yaşanan maliyyə böhranı üzündən bizim də fəaliyyətimizdə geriləmələr baş verib zaman-zaman. Lakin hər şeyə rəğmən, biz yenə ayaqdayıq. Yeni ofis götürmüşük, iş əmsalımızı yüksəltmək istiqamətində də iş aparırıq. Məlumat üçün onu da deyək ki, müəyyən müddətdən sonra sportal.az-da yeni, çox maraqlı futbol verilişi ilə görüşünüzə gələcəyik. Planlarımız çoxdur, bizi izləməkdə davam edin.

 

SPORTAL.AZ

Xəbər xətti