Uşaq futbolunun İmişli səhifəsi: Belə ənənəni məhv etmək olarmı? LAYİHƏ

I HİSSƏ

 

Əslində İmişli futbolunun tarixi haqda uzun-uzadı danışmağa ehtiyac yoxdu. Bu bölgədə futbolun tarixi hələ uzun illərə, hətta deyə bilərik ki, yarım əsrə dayanır. Bəzi bölgələrimizdə indi-indi ənənə qoyulsa da İmişlinin vaxtilə güclü komandaları Azərbaycan çempionatlarında iştirak edib. Elə məşhur “MKT-Araz”ın adın çəksək kifayət edər. Müxtəlif vaxtlarda iddialı çıxışı ilə öz sözünü demiş İmişli təmsilçisinin heyətində kifayət qədər tanınmış futbolçular da oynayıb. Deməli, bütün bunlar bölgədə uşaq futboluna təsirsiz ötüşməyib. İmişlinin uşaq komandaları da əvvəlki illərdə uğurlu çıxışları ilə yadda qalıb. Hazırda bu bölgənin yetirmələri olan futbolçular birinci diviziondan tutmuş Premyer Liqanın əksər komandalarında karyeralarını davam etdirirlər. Bəs hazırda bölgənin uşaq futbolunun durumu nə yerdədi? Əslində bu sual özlüyündə bir çox qaranlıq məsələlərə (uşaq futbolunun durumu, şərait, təminat, maliyyə və sair) aydınlıq gətirməyi tələb edir. Bu üzdən araşdırma aparıb sual doğuran məsələlərə, müəyyən problemlərin mövcudluğuna aydınlıq gətirməyə çalışdıq. Araşdırmamızdan sonra maraqlı məqamlar ortaya çıxdı deyə bilərik.

 

UGİM-lə şahmat məktəbi birləşdirilib

 

Bu birləşdirilmə bir müddət əvvəl həyata keçirilib. Əvvəl İmişlidə UGİM (Uşaq Gənclər İdman Məktəbi) ayrı şəkildə fəaliyyət göstərirdi və hər iki məktəbin ayrıca rəhbəri mövcud idi. Ancaq artıq 1 aya yaxındı ki, Təhsil Nazirliyinin əmrinə əsasən şahmat məktəbi ilə birləşdirilib. Araşdırmamıza görə qrupların sayının azaldılacağı nəzərdə tutulub. O cümlədən həmin komandalara dərs keçən məşqçilərin də başqları ilə əvəzlənməsi söylənənlər arasındadı. İşinin öhdəsindən layiqincə gələn və idman məktəbini bitirərək dərəcəsi olan məşqçilərə toxunulmayacaq. Böyük ehtimalla bətən tərbiyəsi ixtisası olmayanlar və universitet bitirməyənlərlə yollar ayrılacaq. Hansı ki, əvvəllər bu kimi məqamlara əhəmiyyət verilmirdi və istənilən insan cəlb olunurdu. Bundan əlavə çox güman UGİM-də işə qəbul da imtahanla olacaq. Onu da qeyd edək ki, İmişli UGİM-i Təhsil Nazirliyinin nəzdindədi. 

 

Qız və oğlanlardan ibarət komandalar da var

 

UGİM-də qız və oğlanlardan ibarət komandalar da fəaliyyət göstərir. Təbii ki, oğlan komandalarının sayı daha çoxdu. Çünki orda uşaqlarda futbola maraq var. Gəlib məşqlərdə iştirak edirlər. Komandaların fəaliyyət göstərməsi üçün şərait də mövcuddu. O cümlədən Olimpiya Kompleksi də fəaliyyət göstərir. Əvvəllər idman məktəbvində futbol qruplarının sayı çox olsa da sonradan onları sayı azaldılıb. Hazırda məktəb bağlı olsa da son məlumata əsasən 16 komanda fəaliyyət göstərir. Söhbət sırf oğlanlardan ibarət komandalardan gedir. Qızlardan ibarət isə cəmi 1 komanda var, hansı ki, orda müxtəlif yaşlı qızlar iştirak edir. 

 

Yarışlar, nailiyyətlər və problemlər

 

İmişlinin aşağı yaş qruplarından ibarət komandaları əsasən “Coka Cola” liqasında çıxış edirlər. Bu yarışlarda müxtəlif vaxtlarda yer də tutublar. Oradakı problemlər nədən ibarətdi? Bu sualın da cavabını araşdırdıq. Təbii ki, indi uşaqlarda futbola maraq əvvəlki dövrlərdəki kimi deyil. Hansı ki, o dönəmdə böyük əksəriyyət təhsil almaqla yanaşı futbolla da maraqlanırdı. Bütün bunlarla yanaşı İmişlidə məktəblərarası rayon birinciliyi keçirilir. Məhz bu yarışlarda istedadlı uşaqlar üzə çıxarılır və UGİM-ə dəvət olunur. Üstəlik digər yarışlara da göndərilir. Daha doğrusu, daxili çempionatda hər hansı məktəbin komandası birinci yeri tutduğu halda məhz həmin təhsil ocağının adından yarışa göndərilir. Son illərdə İmişlinin uşaq futbolunda o qədər də ciddi nailiyyətlər gözə dəymir. Buna baxmayaraq final mərhələsi olmasa da, zona yarışlarında 2 və 3-cü yerləri tutan komandalar var. Amma inventar, geyim dəstləri ilə bağlı problemlər bir çox bölgələrdə olduğu kimi, İmişlidə də var, həm də ciddi şəkildə. Düzdü, Təhsil Nazirliyi az da olsa köməklik göstərir. Amma təbii ki, bu, yetərli deyil. Hətta komandalarda top problemləri belə olur. Komandalar illər əvvəlki geyim dəstlərindən yararlanır. Bundan əlavə çirklənmiş formaları uşaqların valideynləri yumaq məcburiyyətindədi. Hər halda bu da şəraitsizlikdən irəli gəlir. Yazımızın davamında bu problemlərlə bağlı daha ətraflı məlumat alacaqsız. Belə deyək, məşqçilər özləri narazıdı.

 

Valideyn və uşaqların marağı necədi?

 

Valideynlərin uşaqların məşqlərini izləməsi ilə də bağlı müəyyən problemlər olur. Belə deyək, ciddi maraq yoxdu. Adi hallarda çox vaxt izləmirlər. Amma oyunlara baxanlar olur. Məsələn, İmişlini birinci divizionda təmsil edən “Mil-Muğan”ın da oyunlarına maraq göstərirlər. Elə divizion təmsilçisinin də məşqçiləri gəlib UGİM-dən uşaq seçirlər və kluba dəvət edirlər. Əslində “Mil-Muğan”da da oynamaq istəyənlərin sayı az deyil. Amma bəzən valideynlərin təzyiqi ilə üzləşən həmin uşaqlar təhsilə üstünlük verməyə yönləndirilir. Xüsusən də qızlardan ibarət komandaya uşaq tapmaq  məşqçilər üçün böyük problemə çevrilir. Buna baxmayaraq qız komandalarından yığmalara dəvət alanlar olur...

 

“Baxın, bu qədər zülmə düşmüşük”

 

Əlbəttə, UGİM-in hazırkı durumu ilə bağlı daha yaxından maraqlanmaq yaxşı olardı. Ümumiyyətlə, neçənci ildə yaradılıb və hazırda hansı şəkildə fəaliyyət göstərir. Bu tipli suallarla bağlı İmişlidəki sözügedən İdman Məktəbinin direktoru Ramiz Qasımova müraciət etdik. Ramiz bəy öncə bunları söylədi: “Nazirin qərarı ilə avqustun 2-dən UGİM-in fəaliyyəti dayandırılıb və şahmat məktəbi ilə birləşdirilib. Amma hələ yekun təhvil-təslim olmayıb. Hazırkı duruma gəlincə, 2012-ci ildən UGİM-i qəbul etmişəm. İdman Məktəbi 1972-ci ildən Ədliyyə Nazirliyinin qeydiyyatından keçib və bugünə qədər fəaliyyət göstərir. Buranı qəbul etdiyim gündən, sırf ixtisasçı olduğuma görə çox əziyyət çəkib komplektləşmə yaratdım. Hətta bu gün bizim UGİM-in 8 yetirməsi Azərbaycanın müxtəlif klublarında çıxış edir. 2012-ci ildən bəri olan müddətdən danışıram. Məsələn, “Sumqayıt”da oynayan Bəhlul Mustafayev İmişli futbolunun yetirməsidi. Yığmaya da dəvət alır. İslamiadada Sadiq Quliyev qızıl medal aldı. Ona Təhsil Nazirliyindən təşəkkürnamə də verildi. Bizim UGİM-in yetirməsidi. 
Son durum haqda da sizə məlumat verim. UGİM-də iki idman növü var – futbol və voleybol. Futbolda 12 qrupumuz var. Ümumilikdə də 180 idmançı məşğul olur. Hər qrupda 15 idmançı fəaliyyət göstərir. 10-12 yaşlılar üzrə 4 qrupumuz var, 60 nəfər məşğul olur. 12-14 yaşlılardan ibarət qruplarda 45 futbolçu çıxış edir. 14-16 yaşlılardan ibarət qruplarda isə 75 nəfərdi”.

 

 

Ramiz bəy hazırkı şəraitlə də bizi tanış etdi. Uşaqların bu idman növü ilə məğul olması üçün müəyyən stadionlar var. UGİM-lə yanaşı məktəblərin də meydançalarından istifadə olunur. Amma təbii ki, məktəb meydançaları bərbad durumda olduğundan bu uşaqların lazımi səviyyədə məşq keçməsinə, hazırlaşmasına, dolayısı ilə yetişməsinə də mənfi təsir edir: “İlk gündən UGİM-in müstəqil binası yoxdu. Bu üzdən 2 saylı şəhər orta məktəbinin binasında fəaliyyət göstərir. Bizə 3 otaq verilib. Bundan əlavə, məktəbin həyətində 3 futbol meydançası və böyük həyəti var. Onlardan biri mini, qalan ikisi böyük futbol meydançasıdı. 48x19 ölçülərində də zalımız var. Hava çox soyuq olanda fiziki hərəkətləri orda yerinə yetirirlər. 1972-ci ildən bəri UGİM elə burda fəaliyyət göstərir. O meydançaların birini mən gələndən sonra əlavə etdirmişəm. 5 və 1 saylı şəhər orta məktəblərinin hərəsində 2 qrup futbolla məşğul olur, şəraitləri də var. Ümumilikdə 4-5 stadionda uşaqlar məşqlərini keçirlər. UGİM-in özündə isə 4 qrup var. Dərslərə maneçilik olmaması üçün bütün məşqləri günün ikinci yarısına salmışıq. Stadion baxımından problem yoxdu”.

 

Stadion var, futbola həvəsi olan uşaqlar da gəlib məşq edir. Amma digər problem özünü göstərməkdədi. Söhbət inventar, top geyim və sair məsələlərindən gedir. Əslində əvvəllər bu mənada ciddi çətinliklər olmurdu. Amma son vaxtlar ölkədəki durum, ya da İmişlidə futbola biganəlik bu mənada da özünü göstərir: “2016-cı ildən etibarən bütün rayonlarda regionallaşma başlayıb. Sabirabad, Saatlı, İmişli və Beyləqan hamısı Sabirabad regionuna baxır. Maliyyə məsələləri, formaların, topların və digər lazım olan inventar hamısı da həmin xətlə gəlir. Açıq danışıram, 2016-cı ilin sonuna qədər top, idman forması, buts və sair ləvazimatlarla təmin olunurduq. Amma, qeybət kimi çıxmasın, inanın ki, 16-18 saat dərsi olan müəllimləri göndərirəm ki, gedin dükandan 3-4 futbol topu alın. Baxın bu qədər zülmə düşmüşük. Tam təmin olunmuruq. Problemlərimiz çox olur. Top nədi ki? Əvvəl Ələkbər Məmmədov vardı, tələbə yoldaşım olub. Vaqif Sadıov da məni yaxşı tanıyır. Siz də bilirsiz ki, top yoxdusa, deməli heç nə. Buna baxmayaraq 3 saatı yola veririk. Öz hesabımıza uşaqlara futbolkalar, filan alıb veririk”.

 

 

İmişlidə fubola maraqdan danışmaq bəlkə də yersizdi. Hər halda ənənəsi olan bölgədə futbola kifayət qədər maraq göstərilməsi qənaətinə gələ bilərik. Amma yenə, bu mənada da durumun necə olması maraqlıdı: “Əlavə iki qrup da götürməyi düşünürük. Çünki hazırkı qruplardakı futbolçular 11-ci sinifi bitirən kimi gedirlər. Buna baxmayaraq valideynlər və uşaqlar maraqlanır. Sadəcə hazırda məktəbin fəaliyyəti dayandırıldığı üçün konkret nəsə deyə bilmirəm. İstənilən halda uşaq qəbul edəcəyik. Qəbul edəndən sonra həkim yoxlanışından keçiririk, həkim rəyindən sonra valideyni ilə birlikdə uşağın ərizəsini qəbul edirik. Keçid normativləri də götürülür. Yəni uşaqlar özləri gəlib müraciət edirlər. Hələ qapı torlarını açdırmamışam. Çünki məktəb bağlansa da könüllü uşaqlar var ki, gəlib futbolla məşğul olurlar. Fəaliyyətimiz bərpa olsa və mən qalıb işləsəm çalışmalarımızı bir qədər də artırmağa çalışacağıq. Həmişə avqustun 12-dən işə qayıdırdıq. Amma bu ay belə olmayıb. Səbəbini də bildirdim. Sentyabrın 15-nə qədər yeni qrupa yazılacaq uşaqlar, tibbi yoxlanışın nəticələri, proqramlar məlum olurdu. Uşaqların əmrləri gələndən sonra məşqlərə başlayırdılar. Oktyabra qədər işlərimiz tam qaydasına düşürdü. İndi isə hələ kimlərin işləyib-işləməyəcəyi bilinmir. Hətta, o qruplardan 3-4-nün fəaliyyətinin dayandırılması söhbəti gəzir. Belə də olmaz axı. İmişli UGİM-ində qıfıl yoxdu, bir gün işləməsə mən ora getmərəm. Təhsil Nazirliyinin nümayəndələri gəlib yoxlamışdılar. Onlar dedilər ki, İmişlidə gördüklərini başqa rayonlarda görməyiblər. Uşaqların hazırlığı hər şey qaydasındadı. Valideynlərin marağına gəlincə, həftə ərzində 1-2 dəfə gəlib uşaqların oyunlarına baxanlar var”.

 

“Mən gələndən sonra hamısını yığışdırmışam”

 

UGİM-dəki məşqçilərin də fəaliyyəti maraqlıdı. Ümumiyyətlə əksər bölgələrimizdə məşqçilərin çoxu kateqoriyasız olur. Yəni, sırf peşəkar deyil, bədən tərbiyəsi müəllimlərindən istifadə olunur. Bəs İmişlidə durum necədi? Kateqoriyası olan neçə məşqçi var? Ramiz bəyi dinləyək: “Ümumilikdə 12 qrup var və eyni sayda məşqçi çalışır. Onlardan 5-i ali, 7-si orta ixtisas təhsillidi. Yəni, bədən tərbiyəsi texnikomunu bitirənlər var. İxtisassız məşqçimiz yoxdu. Əvvəllər dərəcə ilə filan işləyirdilər. Amma indi belə şey yoxdu. Mən gələndən sonra hamısını yığışdırmışam. İxtisası olanları qəbul edirik. Hər qrupla bir məşqçi məşğul olur. Məşqçilərimizdən 2 nəfərin kateqoriyası var. Onlardan biri Oqtay Abdullayev, digəri Şəmsi Hüseynovdu. Oqtay vaxtilə futbolçu olub və müxtəlif klublarda oynayıb. Məşqçilər ixtisaslı olduqlarına görə kateqoriyaya o qədər də meyl göstərmirlər. Amma işləyəsi olsaq çalışacağıq məşqçilərimizi seminarlara göndərək”.

 

 

Respublikada yüksək səviyyəli uşaq məşqçilərinin sayı olduqca azdı. Bəziləri hətta, məşqləri yola verməklə günlərini keçirir ki, heç şübhəsiz bu məqamda futbolçu yetişdirməkdən söhbət gedə bilməz. Bəs rəhbər olaraq Ramiz bəy məşqçilərin işindən razıdımı?: “10 ay ərzində təxminən 121 açıq məşqdə şəxsən özüm iştirak etmişəm. Belə də… Desəm ki, müasir məşqlər keçirlər səhv edərəm. Ancaq məsələn, Oqtay Abdullayevin məşqləri digərlərindən fərqlənir. Biz onların işlərini qiymətləndiririk. Baxırsan ki, gənc məşqçilərlə onun arasında böyük fərq var. Hamısı məni qane edir deməzdim. Amma aralarında yaxşı məşq keçənlər var. Məsələn, Oqtayla Şəmsi müəllimin məşqləri yüksək səviyyədədi. Yenilər də yavaş-yavaş “bişəcəklər”. 

 

“Onu görən kimi, nə məqsədlə gəldiyini anlayıram”

 

Bildiyiniz kimi İmişlini birinci divizionda “Mil-Muğan” təmsil edir. Təbii ki, Premyer Liqada komanda olsa, bu, daha yaxşı effekt verərdi. Amma heç olmamaqdansa, birinci divizionda İmişli təmsilçisinin çıxış etməsini yaxşı hal kimi qiymətləndirməliyik. Ən azından bölgədə futbola marağın, o cümlədən, azarkeşlərin sayının artmasına səbəb olur. Düzdü, “Mil-Muğan”ın aşağı yaş qrupları var. Amma UGİM-lə əlaqəsi necədi? Məşqçilər gedib baxıb, uşaq seçirlərmi idman məktəbindən?: “Əlaqələr var. Sizə bir şey deyim. Bir də görürsənki, “Mil-Muğan”da çalışan Ələmdar Mustafayev gəlir. Onu görən kimi, nə məqsədlə gəldiyini anlayıram. Tutalımki, bizdə yarımmüdafiəçi var və bəyənirlər. Məxfi şəkildə gəlir, adını qeyd edir sonra da uşağı aparır. Hansısa vasitələrlə, hardasa görüşüb uşağı yola gətirir. Birdə baxıram ki, uşaq məşqlərin çoxuna gəlmir. Soruşuram, cavab verir ki, “müəllim “Mil-Muğan”ın məşqinə gedirəm”. Mən buna qarşı deyiləm. Sadəcə, gedəndə məlumat vermək lazımdı. Özü də bir yox, 15-20 uşaq aparırlar. Yəni əlaqələrimiz, uşaqlardan “Mil-Muğan”a gedənlər var. “Mil-Muğan”ın oyunlarında fasilə zamanı meydançaya daxil olan uşaqlar, o cümlədən kənarda dayananlar UGİM-in tələbələridi. Hətta oyuna getməyənləri də yığıb aparırıqki, maraq artsın. Əlaqələr baxımından narazılığım yoxdu. Hətta, bir söz də deyim, arada həmin Ələmdar müəllimdən top da istəyirik, sağ olsun köməklik göstərir”.

 

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

 

 

 

Həmid
Sportal.az
İmişli

Tarix: 25 Sentyabr [19:48]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Avqust 2018
20  Avqust 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio