Fərid Nəbiyev Çexiya klubundan ayrıldı - yeni komandası bəlli oldu

16:35 - 27 Mart 2018

21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü Fərid Nəbiyev "Slaviya"dan ayrılıb.

 

Sportal.az xəbər verir ki, bu barədə Qol.az-a futbolçunun agenti Vaqif Heydərli məlumat verib. Onun sözlərinə görə, gənc hücumçu Gürcüstanın milli liqasında (birinci divizionun bənzəri) çıxış edən "Şevardeni-1906" klubuna icarəyə verilib. Nəbiyev yeni klubu ilə 2 aylıq müqavilə imzalayıb.

 

Heydərli futbolçunun Çexiyada işçi vizası ala bilmədiyi üçün belə bir addım atdıqlarını bildirib. Ancaq o, probelmin tezliklə həll olunacağını söyləyib: "Artıq bu məsələ ilə bağlı Çexiya səfirliyinə müraciət etmişik. Ümid edirik ki, uzağı 45 günə kimi problem öz həllini tapacaq və Fəridə viza veriləcək".

 

Agent digər təkliflər olduğu halda Gürcüstanın aşağı dəstə təmsilçisini seçmələrinin səbəbini də açıqlayıb: "Hazırda transfer pəncərəsi bir neçə ölkədə açıqdır ki, onlardan biri də Gürcüstandır. Fəridin xidmətində yüksək liqa təmsilçiləri də maraqlı idi. Ancaq onlar minimum 1 illik müqavilə bağlamaq istəyirdilər. Bu isə bizə sərf etmirdi. "Şevardeni-1906" klubu ilə may ayına qədər anlaşma imzalanıb. Fərid bu komandada hardasa 10-12 oyun keçirəcək. Bizə də lazımdır ki, futbolçu bu müddətdə boş qalmasın, oynasın".

Xəbər xətti