AFFA tərəfindən futboldan ömürlük uzaqlaşdırılan Nizami Hacıyev, Mirhüseyn Seyidov və Ağakişi Mehdizadənin işinə Baş Prokurorluq tərəfindən xitam verilməsindən xəbərdarsız.
Bundan sonra AFFA-nın da onları bağışlayacağını gözləmək olardı.
Sportal.az xəbər verir ki, Baş Prokurorluğun qərarından 2 ay keçsə də, AFFA-dan səs-soraq yoxdu.
Futbolçular artıq mətbuata açıqlama verib. Futbol ictimaiyyətinin "Bobo" ləqəbi ilə tanıdığı Ağakişi Mehdizadə isə susurdu. Azarkeşlərin yaxından tanımadığı "Neftçi"nin sabiq məşqçi-analitikinə tribuna verdik.
Gənc mütəxəssis öz sahəsində ölkəmizdə ən güclülərdəndi. Cəmi 29 yaşında futboldan ömürlük uzaqlaşdırılmaq kimi ağır cəzayla üzləşən Ağakişi Mehdizadə kimdi?
Futbola erkən gəlişi və gedişi necə olub? Prokurorluqdan sonra AFFA cəzasını ləğv etməsə, hansı addımı atacaq? Bu və başqa məsələlər haqda Ağakişi Mehdizadə "Futbol+"ə danışdı.
Yeni Yasamaldakı məhəllədən Gürcüstan yığmasına gedən yol
Uşaq vaxtından futbolu dəlicəsinə sevmişəm. Böyüdüyüm Yeni Yasamalda palçıqda, yağışda, qarda, istənilən havada elə gün olmazdı ki, futbol oynamayaq. Top olmayanda plastik "butılkadan", parçadan top düzəldərdik.
Məhəlləmizin uşaqları indi də həftədə 2-3 dəfə yığışıb oynayır. Bir az böyüyəndən sonra "FŞM"ə yazıldım, Böyükağa Abbasovun rəhbərliyi ilə futbolun sirlərinə yiyələnməyə başladım. Dərslər bitən kimi qaçırdım “Gəncliy”ə.
Hərdən çatdırmayanda məşqçi özü zəng vururdu ki, vacib oyunumuz var, qoy uşaq gəlsin. Bununla belə, əsas diqqətimi dərslərə verirdim, 2005-də Odlar Yurdu Universitetinə qəbul olundum.
Həmin il AZAL-da, daha sonra "İnter"də oynadım. Universiteti, daha sonra hərbi xidməti bitirdim və 2011-də "Bakı" və "İnter"dən iş təklifi oldu. "İnter"i seçdim. İlk vaxtlar çox çətin idi.
Kaxaber Tsxadadze kimi tanınmış, xarakterli və xırda səhvi bağışlamayan bir peşəkarla işləmək böyük məktəb idi. Çox işğüzar məşqçidi. Demək olar, bütün gün çalışırdı.
Onun gördüyü iş məndə çox böyük maraq doğururdu. Eyni zamanda ona baxıb üzərimdə işləyirdim, bəzən 3-4 gün bazada qalıb evə getmirdim - bütün rəqiblər üzrə təhlil, oyunçuların fərdi keyfiyyətləri, standart vəziyyətlər, müdafiədən hücuma çıxış, pressinq, topsuz oyun və başqa ən xırda detalları ayrı-ayrı yığıb videoanaliz hazırlayırdım.
Tsxadadze de səhər, axşam, gündə bir neçə dəfə baxırdı. Bütün məşqçiləri çağırırdı, hamının, o cümlədən mənim epizodlarla bağlı fikirlərimi öyrənirdi. Bütün gün işləyirdik, təhlil edirdik, çox maraqlı nəzəriyyələrimiz olurdu. Nəhayət, 2015-də üzərində xeyli işlədiyimiz üçlü müdafiə sxemini işə saldıq. Məncə, həmin çempionatda oynayan bütün dövrlərin ən güclü "İnter"i idi.
Tsxadadze Gürcüstan millisinə gedəndə məni və hazırda Qəbələdə çalışan fiziki hazırlıq üzrə məşqçi Miloş Yevtiçi də dəvət etdi. Klubun o vaxtkı prezidenti Georgi Nikolov sağ olsun, problem yaratmadı və qonşu ölkənin milli komandasında işləməyə başladım.
Məşqçilər heyətində bizdən başqa Georgi Çixradze və Giya Tsedsadze də vardı. Furbolçulardan isə yalnız Georgi Papunaşvili yerli çempionatda oynayırdı. O da "Verder"lə müqavilə imzalamışdı.
Gecə-gündüz çalışırdıq. Nəticə o qədər də pis olmadı. İlk oyunda Maltanı 2:0 udduq. Düzdü, daha sonra Almaniyaya eyni hesabla uduzduq. Futbolçular fərdi cəhətdən çox güclü idi - Loriya, Kaşiya, Kverkveliya, Navalovski, Kankava, Kvekveskiri, Ananidze, Kazaişvili, Mçedlidze və s.
Demək olar, hər futbolçu klubunun lideri idi. Tbilisidə Şotlandyanı məğlub etdik, səfərdə almanlara 1:2 uduzsaq da, çox yaxşı oynadıq. O zaman çox güclü olan Albaniya ilə heç-heçə etdik. Gürcüstan millisində iş mənim üçün çox böyük təcrübə oldu.
Çoxları kimi zəif futbolçu gətirib yaxşı faiz ala bilərdik
"İnter"də də işlər pis getmirdi. Həmin mövsüm son illərin çempionu "Qarabağ"a məğlub olmadıq. Çempionatı ikinci yerdə bitirdik.
Təəssüf ki, bundan sonra ciddi maliyyə problemləri başladı və klub çöküşün bir addımlığında idi. Aylardı maaş verilmirdi. Komandada normal futbolçu qalmamışdı. Vəziyyət çox ağır idi.
Nikolov məni və indi "Sabah"da işləyən dostum Aleksey Barvinskini çağırdı ki, neçə ildi burda işləyirsiz, avrokubok son şansımızdı, ilk mərhələdə uduzsaq, klub dağılacaq.
Futbolçulara maksimum 5 min dollar verə bilərik, heyət qurmalıyıq. Beləcə öz işimizdən başqa həm skautluğa, həm də menecerliyə başladıq.
Öncə Nikolovu hazırda Tbilisi "Dinamo"sunu çalışdıran Zaur Svanadzeni gətirməyə razı sala bildik. Belə məqamda futbolçuların üstünə gedən yox, sakit, amma işini bilən məşqçi lazım idi.
Svanadze də bu meyarlara cavab verən çox yaxşı insandı. Nikolovun dediyi 5 min dollar həmin dövrün kursu ilə normal futbolçular üçün çox kiçik məbləğ olsa da, çoxları kimi zəif futbolçu gətirib özümüzə yaxşı faiz ala bilərdik.
Amma göstərilən etimadı doğrultmaq vicdan borcumuz idi. Çox ciddi iş görüb, diqqətlə seçim edirdik. Səlahət Ağayev, Georgi Lomaya, Elşən Poladov, Xuanfran, İlkin Qırtımov, Zurab Xizanişvili, Nizami Hacıyev, Elnur Abdullayev, Dieoqo Martins, Rauf Əliyev, Nika Kvekveskiri, Sezar Meza Kolli, Abbas Hüseynov, Sərtan Taşkın, İlkin Sadıqov, Elnur Süleymanov, Mansur Nahavendi və Mirhüseyn Seyidov kimi futbolçulardan kollektiv formalaşdırdıq.
Bu uşaqların gəlişində Mirhüseynin də böyük rolu oldu. İlk rəqibimiz Albaniyanın "Laçi" klubu idi. Özümüz də inanmırdıq ki, mərhələ keçərik. İki həftəyə yığılan komanda 3 gün Qəbələdə "Qəbələ" klubunun hesabına qalıb keçən mövsümkü formalarla meydana çıxıb mərhələ keçdi.
O zaman "Laçi"də oynayan Ceyms Adeniyi elə ilk yarıda bizi "dəfn edə" bilərdi. Lakin Səlahətin super oyunu bizi xilas etdi - səfərdə 1:1, evdə 0:0 oynayıb "Hafnafyordur"a rəqib olduq. Sevincimizin həddi-hüdudu yox idi.
Beynəlxalq Bank bu nəticəni görüb 1 ayın maaşını verdi. İslandlarla səfərdə ilk yarını zəif oynayıb 0:1 geriyə düşdük. Amma ikinci hissədə toparlanıb dönüş yaratdıq Rauf Əliyev və Dieqo Martinsin qolları ilə qalib gəldik.
"İnter" maliyyə durumu dəfələrlə yaxşı olanda, futbolçular qat-qat çox maaş alanda, ümumiyyətlə, heç vaxt iki mərhələ keçməmişdi. Amma təlim-məşq toplanışı görmədən, pulsuz, formasız Bakıda 2:2 oynayıb bunu bacardıq. İnana bilmirdik...
"İnter"ə 2 milyon dollar xeyir verdik
Püşkatmaya özüm getmişdim və rəqib Bilbao "Atletik"i oldu. Reallıq belə idi ki, bu bizim üçün böyük bir macəranın sonu idi. Amma çox böyük təcrübə qazandıq.
Hamı böyük hesabla uduzacağımızı gözləsə də, səfərdə 0:2 uduzduq, evdə isə 0:0 bərabərə qalmağı bacararaq ölkəmiz üçün kimsənin gözləmədiyi reytinq xalları qazandırdıq.
Komandaya komək etmək istəməyən bank rəsmiləri Bilbaoya getmək üçün sıraya düzülmüşdü. Təbii ki, onlara "İnter" yox, "Atletik" maraqlı idi. Futbolumuzun problemləri belə şeylərdədi.
Komandanın uğurlu nəticələrindən sonra bank yenidən sponsorluq etməyə başladı. Yeni prezident Rəşad Qasımov gələndə futbolçulara böyük miqdarda - təxminən 3 milyon dollar borc vardı.
Oyunçular CAS-a şikayət etmək istəyirdi. Lakin onlarla fərdi söhbət edə-edə, vəziyyəti anladıb təxminən 1 milyona borcları bağladıq. İstəyirsiz futbolçulara zəng vurun, görün hansındansa bunun müqabilində bircə manat istəmişik?!
Kluba təxminən 2 milyon dollara yaxın xeyir verdik, amma rəhbərlikdən bir adam da “çox sağ ol” demədi. Həm yerli futbolçuların, həm də legionerlərin bütün borclarını bağladıq. Yalnız bir futbolçu - "Qəbələ"yə keçən Asif Məmmədov Qəbələdə oyunda yaxınlaşdı və cibimə pul qoydu.
Dedi bu pulu alacağıma inamım ölmüşdü, halal xoşunuz. Etiraz etsəm də, "Aska" geri qaytarmağa qoymadı. Mən də klubdakı uşaqlarla böldüm, hərəyə 125 dollar düşdü.
Elşad Əhmədov "Neftçi"də böyük işlər görəcəkdi
Beləcə klubu 2 milyon dollara yaxın irəli saldıq və növbəti mövsüm üçün gücləndirdik. Ruslan Abışov, Ağabala Ramazanov, Slavik Alxasov, Ruslan Əmircanov, Tərlan Quliyev kimi futbolçular aldıq. Bu komanda ilə ən azı üçüncü yerə ümid edirdik.
Amma rəhbərlik bizi çağırıb uzaqlaşdırdı. Deyilənə görə, bankdan gələn tapşırıqla yerimizə başqa adam göndərmək istəyirlər. Bizim də nə tapşırtdıranımız vardı, nə də rəhbərliyə söz çatdıran deyildik...
"İnter"dən ayrılandan sonra "Neftçi"dən zəng gəldi. Mənim üçün gözlənilməz idi. Bu klubun möhtəşəm azarkeş ordusu, böyük tarixi, ənənələri var. "İnter"də bunların heç biri yox idi.
Hər şey yeni idi - rəhbərlik, baş məşqçi, futbolçular. Baş məşqçi Elxan Abdullayevə böyük hörmətim var, çox yaxşı, mədəni insandı. Futbolçuların fiziki durumunu daha yaxşı bilmək üçün Polar Pro sistemi alınmışdı.
Elxan müəllim o sistemdə işləməyi də mənə həvalə etdi. Klubda həqiqətən çox yaxşı və işini bilən insanlar var.
Ad çəksəm uzun olar, qısaca deyim ki, ölkədə ən yaxşı menecerlər, mətbuat xidməti, həkimlər, inzibatçılar, tərcüməçilər və ən əsası azarkeşlər "Neftçi"dədi.
İnanın ki, azarkeşlərin bəstələrini, şüarlarını əzbər bilirəm. Çox təəssüf ki, ciddi uğurumuz olmadı. Üç baş məşqçi ilə işlədim. Elşad Əhmədovla qısa müddət çalışsam da, onun məşqlərindən həzz alırdım.
O, topla çalışmaları ən müasir formada verirdi, analizə böyük diqqət yetirirdi, animasiyalarda hər məşqi, hər xırda detalı göstərirdik. Bir gün səhər saat 11-dən gecə 1-ə kimi rəqibi təhlil etdik. Təəssüf ki, Elşad müəllim çox işləmədi. Elşad müəllim "Neftçi"də qalsaydı, böyük işlər görəcəkdi...
Elxan Məmmədovla görüşmək istəyirəm
Deyilənə görə, bizim futboldan uzaqlaşdırılmamız yuxarıların arasında olan intriqa ilə bağlıdı. Amma mən bunu dəqiq bilmirəm.
Dəqiq bildiyim odu ki, bəyanatda rəsmən "oyunların manipulyasiyasiyasına” görə futboldan ömürlük uzaqlaşdırıldığım yazılmışdı. Amma bu absurddu.
Burda hamı bilir ki, söhbət bir oyundan gedir və orda mənim heç bir günahım olmayıb. Sadəcə, o vaxt təzyiq altında həqiqətdən uzaq izahat yazdırdılar. Bu artıq prokurorluq tərəfindən sübut olunub.
Ümumiyyətlə, mən o oyunda kimsənin günahkar olduğuna inanmıram. Həmin matçda nəticəyə heç bir təsir gödtərməyən, bir hissə oynayıb əvəzlənmiş futbolçunu da cəzalandırdılar.
Amma sonra prokurorluq 1 il araşdırıb, dəfələrlə o oyunun videoyazısına baxıb həmin futbolçunun da günahsız olduğunu üzə çıxardı.
Günahsız olduğumuz üçün də prokurorluqda bu işə xitam verildi. İndi sıra AFFA-dadı. Mən hazırda başqa işdə işləyirəm və futboldakından daha çox pul qazanıram.
Futbola qayıtmasam belə çox istəyirəm ki, adımın üstündən bu ləkə götürülsün. Çünki heç bir günahım yoxdu və bu prokurorluq tərəfindən də sübut olunub. Bəzi şeylər adama çox yer eləyir.
Hər gün zəng edən, ehtiyacı olanda gəlib gülərüzlə xahiş edən "dostlar"a demək istəyirəm ki, ona-buna yaltaqlanmaqla bəlkə rəhbərlərin gözündə yaxşı işçi sayılırsız, amma qalanların gözündə alçaqsız. Bəziləri mənə zəng etməkdən qorxur sanki, vətən xainiyəm.
Mən səngərdə vətənimə xidmət edəndə onlar "yubkanın altında" gizlənirdi. İndi işverənliklə çörək qazanırlar.
Bir tərəfdən də sevinirəm ki, bu hadisə hamının iç üzünü açdı. Amma elə futbolçu qardaşlardan, elə insanlardan dəstək gördüm ki, fərəh hissi keçirdim. Adlarını çəkməyəcəm, hamının tanıdığı insanlardı. Sağ olsunlar!
Son olaraq bir daha vurğulamaq istəyirəm ki, AFFA-nın ədalətli qərar verəcəyinə ümidliyəm. Dediyim kimi, heç futbola qayıtmağa görə yox, bəzi insanların ağzını yummaq üçün.
Ailə-uşaq sahibiyəm, 30 yaşım var, kimsənin yanında adım pis çəkilməyib. Yetər ki, təmiz adımı bərpa edim. Bunun üçün AFFA-nın baş katibi Elxan Məmmədovla görüşüb, məsələyə nöqtə qoymaq istəyirəm. (Futbol+)
saytlarin hazirlanmasi