Məşhur italyalı futbol məşqçisi Klaudio Ranyeri 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının yarımfinalının Fransa - Mərakeş matçını (2:0) şərh edib.
Sportal.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis futbolsevərlərin nağılları sevdiyini bildirib:
"Argentina - Fransa ən çox gözlənilən final idi? Bəli, amma Fransa millisinin fantastik Mərakeşi məğlub etmək üçün nə qədər güc sərf etdiyini gördünüz. Valid Reqraqinin komandası müdafiədə əla oynadı. Onlar qol vurmağa layiq idilər. Əşraf Hakimi ilə Hakim Ziyeş sağ cinahda həmişəki kimi əla idi. Bütün dünya Fransaya deyil, Mərakeşə azarkeşlik edirdi. Çünki hamı nağılları sevir".
Yarımfinalda məğlub olan Mərakeş millisi bürünc medallar uğrunda Xorvatiya ilə, Fransa isə 2022-ci il dünya çempionatının finalında Argentina ilə qarşılaşacaq. Üçüncü yer uğrunda görüş dekabrın 17-də, final isə dekabrın 18-də baş tutacaq. Hər iki qarşılaşma 19:00-da başlayacaq.
