"Qafqazın ən yaxşı akademiyalarından birinə çevrilmək istəyi motivasiya olmalıdır" - "Sabah" Futbol Akademiyasının rəhbəri

12:56 - 22 Sentyabr 2026

“Sabah” klubu son illərdə gördüyü işlərdə adından müsbət mənada söz etdirməyi bacarır. Əsas komandanın tarixində ilk dəfə Çempionlar Liqasına vəsiqə qazanması tarixi uğurların bir parçasıdır.

“Bayquşlar” eyni zamanda uşaq futboluna göstərdiyi diqqət və qayğı ilə seçilir. Aşağı yaş qruplarında müxtəlif kateqoriyalarda hegemonluq edən “Sabah” əvvəldən gördüyü sistemli işlərin bəhrəsini almaqdadır.

Prezident İlham Əliyev uğurlu nəticələrə görə kluba maliyyə dəstəyinin də ayrılması ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması ilə əlaqədar Azərbaycanın 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan “Sabah” futbol klubuna 5 milyon manat ayrılıb.

“Bayquşlar” bu vəsaitin üzərinə 5 milyon manat da əlavə etməklə uşaq futboluna töhfə verəcəyini açıqladı. Lakin bu məbləğin hansı istiqamətlər üzrə olacağı hələlik məlum deyil.

Sportal.az xəbər verir ki, “Sabah”ın akademiya rəhbəri Giorgi Minaşvili futbolpress.az saytına müsahibə verib.

– Akademiyaya gəldiyiniz vaxtdan bəri hansı nəticələrə nail ola bilmisiniz?
– Əgər nəticə dedikdə ötən mövsüm qazandığımız titulları və çempionatdakı mövqelərimizi nəzərdə tuturuqsa, U-16 və U-14 komandalarımızla iki çempionluq əldə etmişik, U-15 və U-17 komandalarımız ikinci, U-13 komandamız isə üçüncü yeri tutub.

Amma inkişafdan danışırıqsa, düşünürəm ki, bu baxımdan da nəzərəçarpacaq irəliləyişə nail olmuşuq. Komandalarımız hücumameyilli və dominant futbola, topa sahib olarkən və topu itirdikdən sonra sürətli keçidlərə, həmçinin müdafiədə aqressiv fəaliyyətə əsaslanan aydın oyun üslubu formalaşdırır.

Ən vacibi isə futbolçularımızın fərdi inkişafını görməyimizdir. Əlbəttə, hər bir futbolçu fərqli sürətlə inkişaf edir: bəziləri daha tez irəliləyir, digərlərinə isə daha çox vaxt lazımdır. Bu, inkişaf prosesinin təbii hissəsidir.

Mənim üçün nəticələr vacibdir, amma uşaq futbolunda uğurun yeganə ölçüsü deyil. Ən önəmlisi futbolçularımızın və komandalarımızın inkişafını davam etdirməsi, ümumi prosesin isə düzgün istiqamətdə irəliləməsidir.

– “Sabah”ı Qafqazın ən böyük futbol akademiyasına çevirmək üçün nə qədər vaxta ehtiyacınız var?
– Əlbəttə, Qafqazın ən yaxşı akademiyalarından birinə çevrilmək istəyi bizi irəli aparan əsas motivasiyalardan biri olmalıdır. Amma realist və təvazökar olmağı da bacarmalıyıq. Güclü akademiya qurmaq üçün vaxt, səbir və ardıcıl iş tələb olunur.

“Sabah”ın əsas komandası bizim üçün yaxşı nümunə və motivasiya mənbəyidir. Klub nisbətən qısa tarixi ərzində böyük inkişaf yolu keçib və avrokuboklarda yüksək səviyyəyə çatıb. Təbii ki, akademiyanın da eyni iddia ilə öz inkişaf yolunu keçməsini istəyirik.

Konkret müddət demək çətindir. Mənim üçün inkişafımızın əsl göstəricisi yetişdirdiyimiz futbolçular olacaq: onlardan neçəsinin “Sabah”ın əsas komandasına yüksəlməsi, Azərbaycanın aşağı yaş qrupları və əsas milli komandasında çıxış etməsi, nəticədə Avropa səviyyəsində rəqabətə davamlı futbolçuya çevrilməsi.

İddialıyıq, amma əsas diqqətimizi ardıcıl işləməyə və addım-addım irəliləməyə yönəltmişik. Sonda nə dərəcədə uğurlu olduğumuzu yetişdirdiyimiz futbolçular və onların çatdığı səviyyə göstərəcək.

– Əsas komandanın nəticələri klubda uşaq futbolunun inkişafına necə təsir göstərir?
– Əsas komandanın uğurları akademiyada çalışan hər kəs – həm futbolçular, həm də əməkdaşlar üçün böyük motivasiyadır. Eyni zamanda, bu, üzərimizə daha böyük məsuliyyət qoyur. Çünki biz ölkəsini Avropada yüksək səviyyədə təmsil edən klubun akademiyasıyıq.

Gənc futbolçularımız üçün əsas komanda çatmalı olduqları səviyyəni və keçmək istədikləri yolu aydın şəkildə göstərən nümunədir.

Bu uğur akademiyada çalışan hər birimiz üçün standartları da yüksəldir. Bu isə daha böyük məsuliyyət, daha güclü motivasiya və futbolçuları əsas komandanın tələblərinə hazırlaya biləcək mühit yaratmaq üçün daha çox çalışmaq deməkdir.

Ümumilikdə, düşünürəm ki, əsas komandanın uğurları bütün akademiyanın inkişafına çox müsbət təsir göstərə bilər.

Xəbər xətti