Ehtiram Quliyev yaxşı adamdı. Amma bir bədbəxtçiliyi var. Biznes və məişət həyatında deyə bilmərəm, futbolda demək olar hər məsələdə kim(lər)sə tərəfindən idarə olunur. Ola bilməz ki, hər şeyin başında Ehtiram Quliyev özü dayansın. Belə vətənpərvər adamın ucuz intriqalara getməsi, durduq yerdə adekvat şəxslərlə münasibətləri korlaması, hər yerdə düşmən axtarışına çıxması inandırıcı deyil. Təəssüf ki, onun rəhbəri olduğu "Turan Tovuz" belə bir vəziyyətdədi. Ehtiram Quliyevin son bir neçə ildə yaratdığı imici korlaya-korlaya gedirlər.
Bu gün "Turan Tovuz" qələbə qazandı. Kurban Berdiyev stilində bir qalibiyyət. Uzatma dəqiqələrində standart vəziyyət qolu ilə "Zirə"ni yendilər. Azarkeşlər sevinəcəklər, sonra yenə yersiz xal itkiləri olan kimi əsəbiləşib Berdiyevin istefasını tələb edəcəklər. Amma bu yazının qayəsi "Turan Tovuz"un məşqçisi və oynadığı futbol deyil, rəqib komandanın çalışdırıcısı Rəşad Sadıqovun mətbuat konfransında dedikləridir.
Ölkə futbolunun önəmli simalarından olan Rəşad Sadıqov deyib ki, bir qrup tovuzlu azarkeşin onun və "Zirə"nin ünvanına səsləndirdiyi sərt fikirlərin arxasında "Turan Tovuz" rəhbərliyinin dayandığına and içə bilər. Hələ gənc yaşlarında Tovuz klubunda oynayan, uzun illərdir buraya gəlib-gedən və həmişə xoş qarşılanan adama birdən-birə münasibət niyə belə kəskin dəyişsin ki...
Ehtiram Quliyev 44 günlük Vətən müharibəsində vətənpərvərliyi ilə önə çıxan adamlardan olub. Elə Rəşad Sadıqovun özü də. Sadıqov Ehtiram Quliyev kimi iş adamı olmasa da, Vətən yolunda əlindən gələni edib. Yaşat Fonduna 50 min manat köçürən Rəşad Sadıqov başqa yardımlar da edib, cəbhə xəttinə də dəfələrlə gedib həmin günlərdə. Kimsə sevməyə bilər, amma Rəşad Sadıqov futbolda da, həyatda da həmişə lider olub, mövqe sərgiləyib, seçilən personaya çevrilib. Fərqlilik isə nifrət doğurur - bunu Stendal deyirdi. Rəşad Sadıqova qarşı olan bəzi gözügötürməzliyin kökündə dayanan budur.
Ehtiram Quliyev "Turan Tovuz"un "Zirə"yə olan nifrətinin harasında dayanıb, bax, bunu bilmək çətindir. Ürəyində deyilik, beyninə girə bilmirik. Kənardan hiss olunan və onu yaxından tanıyanların deməyinə görə, son bir ildə klub ətrafında baş verənlərin ideya müəllifi Ehtiram bəy deyil. Təsir altına düşüb, özü də fərqinə varmadan idarə olunur, yaxın(lar)ı onu səhv yönləndirib intriqa dolu mühitin içinə soxublar.
Ehtiram bəy, son bir ildə bütün körpüləri yandıra-yandıra gedirsiz. Siyahıya nüfuzlu, dəyərli dövlət adamı olan Orxan Məmmədovun "Zirə"sini də əlavə etdiz. Növbədə kim var soruşmaq yersizdir, ətrafınız kimisə tapıb sizə düşmən edəcək zatən. Çox şey yazmaq olardı. Amma Ehtiram bəy çətin kənardan kimisə eşitsin. O, elə bir fikir mühasirəsinə alınıb ki, blokadanı yarıb ona toxunmaq mümkünsüz görünür.
Emin Abbasov
saytlarin hazirlanmasi
