"Tamamilə yeni komanda qururuq və dayanmaq fikrində deyilik" - Qurban Qurbanov

22:40 - 18 Sentyabr 2026

Misli Premyer Liqasının VI turu çərçivəsində "Şəfa"nı qəbul edən "Qarabağ" 1:0 hesablı qələbə qazanıb.

Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov matç haqda fikirlərini bildirib:

"Vacib 3 xal qazandıq. Futbolçularımı təbrik edirəm. Kollektiv olaraq fasiləyə ehtiyacımız var. Qarşımızda yaxşı kollektiv var idi. Onlar da "Sabah" kimi meydanda özünü yaxşı cəhətdən göstərməyə çalışır".

Komandanın göstərdiyi futboldan razısınız?

– Yaxşı təşkilatlanmış və bütün diqqətini müdafiəyə yönəltmiş rəqibə qarşı oynadıq. Təbii ki, müdafiədən hücuma daha sürətli keçmək və daha keyfiyyətli oynamaq istərdik. Lakin boşluqlar çox az idi və bundan tam şəkildə istifadə edə bilmədik. Belə oyunlarda daha keyfiyyətli futbol nümayiş etdirməliyik və biz bunu komandadan tələb edirik. Zaman keçdikcə futbolçular bir-biri ilə daha yaxşı anlaşmağa başlayacaqlar.

– Çempionluq uğrunda əsas rəqibləriniz olan “Neftçi” və “Sabah”ın heyət rotasiyası üçün geniş imkanları var. “Qarabağ”a yeni transferlər lazımdırmı?

– Hazırda transfer pəncərəsi bağlıdır. Lakin qış fasiləsində uyğun imkan yaranarsa və ehtiyac duyduğumuz mövqelərə futbolçular tapa bilsək, şübhəsiz ki, heyəti gücləndirmək istəyəcəyik. Çünki demək olar ki, tamamilə yeni komanda qururuq və dayanmaq fikrində deyilik.

– Əvvəlki illərdən fərqli olaraq, bu dəfə “Qarabağ”dan cəmi iki futbolçu milliyə çağırılıb. Bəhlul Mustafazadə və Elvin Cəfəroğlu ilə bağlı vəziyyət necədir?

– Bəhlul maksimum 10 gün ərzində sıraya qayıdacaq. O, nadir tipli zədə almışdı və əməliyyat keçirib. Bərpa prosesinin daha sürətli başa çatması ehtimalı var idi, amma təəssüf ki, proses uzandı. Bəhlul həm bizim, həm də milli komanda üçün çox vacib futbolçudur. Elvin də zədəlidir. Məhz buna görə onlar milli komandaya qoşula bilmədilər. Digər tərəfdən, Toral Bayramov və Nəriman Axundzadə kimi futbolçular bu yay beynəlxalq səviyyədə çıxış etməyə başlayıblar. Həmçinin legioner limitinə dair yeni qaydalara uyğunlaşmaq üçün biz də müəyyən tədbirlər görürük. Yaxşı formada olan yerli futbolçuları tapmaq və onları matçlara tam hazırlamaq asan deyil. Gələcəkdə perspektivli yerli futbolçular ortaya çıxarsa, onların milli komandaya gedən yolunu açmaq üçün mütləq imkan yaradacağıq.

– Bu gün tribunada azarkeşlərin sayının az olması nəzərə çarpırdı. Onlara hər hansı çağırış etmək istəyirsiniz?

– Artıq deyilənlərə əlavə edəcəyim heç nə yoxdur. Biz bir-birimizi sevirik. Onlar həmişə və lazım olan hər yerdə bizim yanımızda olacaqlar. Mən dolu stadionlar görmək istərdim. Təkcə bizim oyunlarımızda deyil, ümumilikdə bütün komandaların matçlarında.

– “Qarabağ”ın aşağı yaş qruplarında Toral, Nəriman və ya Elvin səviyyəsində futbolçular varmı?

– Bəli, akademiyadan gələn xəbərləri izləyirəm. Gənclər komandalarında çox maraqlı və perspektivli futbolçular var. Sadəcə, onlara bir qədər vaxt lazımdır.

Orxan Həsənquluyev

Xəbər xətti