"Qəbələ"nin məşqçisi: "Ağır məğlubiyyətlə üzləşdik"

20:14 - 18 Sentyabr 2026

"Qəbələ"nin məşqçisi Amil Ağacanov Misli Premyer Liqasının 6-cı turunun "Neftçi" ilə (0:3) görüşündən sonra mətbuat konfransında iştirak edib.

Sportal.az xəbər verir ki, o, komandasının məğlubiyyəti haqda danışıb:

"Ağır məğlubiyyət oldu. Deyiləsi sözümüz çoxdur. Rəqibin son oyunlarını təhlil etmişdik. Bilirdik ki, çox keyfiyyətli, aqressiv futbolçuları var. Yeni baş məşqçimiz gəlib, son 2-3 ildə oynadığımız sistemi dəyişmişdik. Bunun yaxşı tərəfləri də var idi. 0:1-ə qədər yaxşı oynayırdıq, top saxlayırdıq, aqressivliyimiz var idi. Ancaq rəqib sonda meydana sürətli futbolçularını buraxdı. Təəssüf ki, sonda ağır məğlubiyyətlə üzləşdik".

- Yayda əcnəbi qapıçı gətirdiniz. Artur Mottanın hazırlıq durumu necədir?

Biz onu birinci qapıçı kimi gətirməmişik. Kim güclüdürsə, o da dayanacaq qapıda. Bizdə Həbib Hüşənov da var. U-20 yığmasındadır. Onların toplanışları daha çox olduğu üçün qapıçı axtarırdıq. Rəqabət üçün qapıçı dəvət etdik. Səlahət Ağayev yaxşı formadadır. Arturdan da razıyıq. Gələcəkdə imkan olarsa, onu da meydana buraxacağıq.

Elçin Əlixan

Xəbər xətti