"Neftçi"nin futbolçusu: "Yevlaxda oynamaq heç kim üçün xoş deyil" - MÜSAHİBƏ

13:15 - 19 Sentyabr 2026

"Neftçi"nin yarımmüdafiəçisi Freddi Varqas Misli Premyer Liqasının VI turunun "Qəbələ" ilə matçından (3:0) sonra Sportal.az saytına müsahibə verib:

- Çox sevinirik ki, buradan 3 xalla qayıdırıq. Milli fasiləyə görə dincəlmək üçün bir neçə günümüz olacaq. Ondan sonra qarşıdakı çətin oyunlara hazırlaşmağa başlayacağıq.

- Bir çox oyunçular, məşqçilər deyir ki, Qəbələnin havasına adaptasiya olmaq çətindir. Sən necə düşünürsən?

- Sözün düzü hansısa bir məqamda bir az çətinlik yaradır. Amma öyrəşəndən sonra adam çətinlik hiss etmir.

- 6 turdan sonra "Neftçi" liderdir. Geridə qalan dövrü necə dəyərləndirirsən?

- Mövsüm başlamamışdan əvvəl bizim məqsədimiz var idi.  Hamımız həmin məqsədə köklənmişik. Ən yuxarı pillələr uğrunda mübarizə aparacağıq. Addım-addım buna doğru irəliləməyə çalışırıq.

- "Sabah"la oyun ərəfəsində milli fasilənin olması sizin üçün müsbət haldır, yoxsa mənfi?

- Təlim-məşq toplanışından qayıtdıqdan sonra bu qədər uzun fasilə olmayıb. Düşünürəm ki, fasilə bizim hamımıza yaxşı təsir edəcək. Hər bizimiz bir az futboldan uzaqlaşıb özümüzə köklənməli və növbəti oyunlara yenilənmiş formada qayıtmalıyıq.

- Hücumda oynayırsan və effektiv alınır. Bəs yarımmüdafiə üçün darıxmırsan?

- Bir az arxa mövqedə oynamaq üçün hərdən darıxıram. Amma baş məşqçi nə qərar verirsə, onun meydanda həyata keçirməyə çalışıram. Əgər komanda qalib gəlirsə, bundan məmnunam.

- Ötən mövsüm sən, bu mövsüm də Qustavo Klisman Yevlaxda baxımlı qol vurdu. Sanki Yevlax şəhər stadionu sizin üçün düşərlidir...

- Yevlaxda oynamaq heç kim üçün xoş deyil. Orada qolun necə vurulmağının fərqi yoxdur, əsas qol vurmaq və qələbə qazanmaqdır.

Elçin Əlixan

Xəbər xətti