Ayxan Abbasov: "Xal qazanmaq haqqımız idi"

17:11 - 15 Dekabr 2022

"Azarkeşlərimizə təşəkkür edirik. Bizi sona qədər dəstəklədilər. Bəlkə də, ən yaxşı oyunumuzu oynadıq. Son matçlarda futbolçularımızdakı əzmkarlığı, inkişafı görürdük. Təəssüf ki, matçı xalsız bitirdik. Halbuki, məncə, xal qazanmaq haqqımız idi. Əzmkarlıqlarına görə, futbolçularıma təşəkkür etdim. Bu oyunu unudub, kubokda “Kəpəz”lə görüşə hazırlaşacağıq. İtkilərimiz, cəzalılarımız var. Bir şey fikirləşib, oyuna tam hazır olmağa çalışacağıq".

Sportal.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 17-ci turunun "Neftçi" (0:1) ilə görüşündən sonra keçirilən mətbuat konfansında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.

- Məğlubiyyətsizliyi nə ilə əlaqələndirirsiniz?
- “Neftçi” təcrübəli komandadır. Dünənki Fransa – Mərakeş görüşündə fransızların rəqibin səhv etməsini necə gözlədiyini gördük. Biz də bilirdik ki, səhvə yol versək, "Neftçi" oyunçuları bundan istifadə etməyə çalışacaq. Bilirik ki, VAR epizodlara dəqiq baxır. Yıxılanda belə, əlini qorumalısan. Təəsssüf, ikinci oyundur belə vəziyyətlə qarşılaşırıq. “Kəpəz”lə matçda da qapımıza penalti təyin edilmişdi. Demək ki, daha diqqətli olmalıyıq. Əsas odur ki, gələn matçlar üçün işıq ucu görünür.

- Bir neçə qol epizodlarını qaçırdınız. Həmin epizodlarla bağl ınə deyə bilərdiniz?
- Qalib gəlmək istəyirsənsə, epizodları dəyərləndirməlisən. Hələ də ki, rəqib “Neftçi”dirsə. Oyunçularımız onların müdafiəsini yara bildi. Sadəcə olaraq, son nöqtəni qoymaq çatmadı. Futboldur da, olur belə şeylər. 

- Ölkə kubokunda “Neftçi ilə yenidən qarşılaşa bilərsiz. Bunun baş verməsini istəyirsiniz?
- Gərək biz “Kəpəz”i, “Neftçi” isə “Zirə”ni keçə bilsin. Qismət. Bu dəqiqə o haqda düşünmürük. Qarşıda bizi “Kəpəz” matçı gözləyir. Şanslar eynidir. “Sabah”a qarşı oyun göstərdi ki, “Kəpəz” yaxşı durumdadır. Keçsək, daha yaxşı olardı.

- Runi Evanı əvəzləyəndə əlini sıxmadınız. Ona qəzəbli idiniz?
- Yox, vallah. Buraxılan qolun təsirindəydik. Runinin kiçik zədəsi var. Futbolçu özünü bu oyuna kökləyib, ağrıyaraq meydanda qaldı. Ağrıkəsici ilə ikinci yarıya çıxdı. Bu cür əziyyətlərdən sonra qol vursaydı, özü üçün daha motivasiyalı olardı. Runinin bu cür psixoloji duruma düşməsini istəməzdim. İnanıram ki, bundan sonra belə epizodları qola çevirəcək.

Mirbağırağa

 

Xəbər xətti