"Xəzər Lənkəran"da keçirdiyim əla mövsümdən sonra "İnter" və "Qəbələ"dən təklif almışdım" - MÜSAHİBƏ

12:17 - 9 Aprel 2023

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mirça Rednik Sportal.az saytına müsahibə verib. 60 yaşlı mütəxəssis hazırkı vəziyyətindən danışıb, bununla yanaşı “Xəzər Lənkəran”da işlədiyi vaxtı xatırlayıb.

- "Dinamo" (Buxarets) klubundan ayrıldıqdan sonra heç bir komandada işləmirsiz. Təklif yoxdur?

- Bəli, hazırda heç bir klubda işləmirəm. Bu yaxınlarda dizimdən əməliyyat olunmuşdum. Təkliflərə gəlincə, Belçika, Mərakeş, Səudiyyə Ərəbistanı və Rumıniyadan dəvət gəlmişdi. Sadəcə dediyim məsələyə görə alınmadı. İndinin özündə də bir neçə təklif var.

- Maraqlıdır, son illərdə Azərbaycan komandalarından təklif almısınız? 

- Düzünü deyim, bu il Azərbaycandan heç bir təklif almamışam. Ölkənizdən yeganə təklifi "Xəzər Lənkəran"da keçirdiyim əla mövsümdən sonra gəlmişdi. “İnter” və “Qəbələ”dən təklif almışdım. Unutmayaq ki, mən qovulanda komanda birinci yerdə idi. Amma geri qayıtmaq baş tutmamışdı.

- Yenidən Azərbaycanda işləmək maraqlıdır? Yəqin ki, yalnız çempionluğa iddialı olan komandada işləməyi qəbul edərsiniz?

- Azərbaycanda özümü çox yaxşı hiss edirdim. Mənə Azərbaycandan ciddi və iddialı layihə təklif olunarsa, bir saniyə belə geri qayıtmaqdan çəkinməzdim. Hər zaman geri qayıtmağa hazıram.

- Azərbaycan futbolunu, Azərbaycan Premyer Liqasını izləyirsiniz? Son dəfə nəyi müşahidə etmisiz?
- Azərbaycanda keçirilən oyunları böyük maraqla izləyirəm. Çempionat görüşlərinə də baxıram. Futbolunuzun bütün nöqteyi-nəzərdən inkişaf etdiyini görməkdən məmnunam. Ən yaxşı nümunə "Qarabağ"ın avrokuboklarda ardıcıl və çox yaxşı nəticələridir. Bu komanda uğurlar qazanmağı bacarır.

- Yəqin ki, bilirsiniz, "Xəzər Lənkəran" uzun illərdir Azərbaycan çempionatında iştirak etmir, klub fəaliyyət göstərmir. "Xəzər Lənkəran"ın fəaliyyətini dayandırması Azərbaycan futboluna necə təsir edir?

- "Xəzər Lənkəran"ın Azərbaycan çempionatında olmadığını görmək mənim üçün ağrılıdır. Bu qədər sevilən, bu qədər azarkeşi olan, yaxşı şəraitə malik komandanın yoxa çıxdığını qeyd etmək üzücüdür. Yada salaq, evdə keçirilən hər matçımızda stadiona 8-10 min azarkeş gəlirdi. Qazandığımız kubokla evə qayıdanda onların yaratdığı gözəl atmosferi böyük məmnuniyyətlə xatırlayıram. Əla anlar idi. Təəssüf ki, hazırda komanda fəaliyyət göstərmir.

- Nə vaxtsa "Neftçi"dən təklif gələrsə, bunu qəbul edərdiniz?

- Mənimlə əlaqə saxlasalar, verəcəyim qərarımı siz də biləcəksiniz. Hələlik narahat olmağa dəyməz. Çünki onların çox yaxşı rumıniyalı baş məşqçisi var.

- Yeri gəlmişkən, sizin üçün "Xəzər Lənkəran"ın baş məşqçi postunda ən unudulmaz matç hansı olub?

- "Xəzər Lənkəran"dakı karyeram ərzində ən unudulmaz matçlar "Neftçi" ilə derbilər idi. Bir də "İnter"ə qarşı ölkə kubokunun finalında keçirdiyimiz matç. Bu komandadakı bütün oyunlar yaddaqalan olurdu.

Mirbağırağa

Xəbər xətti