"Təəssüf ki, dördüncü yer üçün mübarizə aparırıq, biz daha yaxşısına layiqik" - MÜSAHİBƏ

13:18 - 15 Aprel 2023

"Zirə"nin serbiyalı müdafiəçisi Nemanya Ancelkoviç Sportal.az saytına müsahibə verib.

- "Zirə" "Səbail"lə görüşdə qələbə qazanmağı bacardı. Matçla bağlı fikrilərin necədir? Qələbənizi necə şərh edərdin? 

- İlk növbədə komanda yoldaşlarımı yaxşı oyuna və qələbəyə görə təbrik etmək istəyirəm. “Qəbələ”yə ağır məğlubiyyətdən sonra “Səbail”lə matçda xarakter göstərdik. İlk dəqiqələrdən məsuliyyətli oynadıq. Sonda da layiqli qələbə qazandıq. 

- "Qəbələ"yə məğlubiyyətdən sonra komandada əhval-ruhiyyə necə idi? Komandada inamsızlıq yaranmamışdı? 

- Yox, yaxşı əhval-ruhiyyə hökm sürürdü. Çünki biz sona qədər mübarizə aparırıq. Hər oyun bizim üçün finala bənzəyir. İstənilən məqam da önəmlidir.

- "Zirə" hazırda turnir cədvəlinin beşinci pilləsindədir. Səncə, dördüncü pilləyə yenidən yüksələ biləcəksiz? 

- Əlbəttə ki, biz dördüncü pilləyə yüksələ bilərik. Çünki biz buna layiq komandayıq. Dördüncü pillə üçün mübarizə apardığımız üçün çox təəssüflənirəm. Çünki biz daha da yaxşısına, daha yüksək pillələrə layiqik. Amma bu futboldur da, belə hallar baş verir. 

- "Qəbələ"nin "Neftçi"yə qalib gəlməsi sənin üçün gözlənilməz olmadki? 

- Elə ona görə də, Azərbaycan Premyer Liqası maraqlı və gözlənilməzdir. Bu çempionatda hər bir komanda digərini məğlub edə bilər.

- Qarşıdakı turda "Zirə" "Qarabağ"la üz-üzə gələcək. "Qəbələ" isə "Səbail"i sınağa çəkəcək. Qarşıdakı turdan sonra "Qəbələ" və "Zirə" arasındakı xal fərqi daha da arta bilər? 

- Bəli, növbəti matçımız “Qarabağ”a qarşıdır. Meydanda məsuliyyətli olsaq, əzmkar və cəsarətli oynasaq, bizim üçün heç bir problem olmayacaq. Amma maraqlı və çətin matç olacağı dəqiqdir. Sona qədər mübarizə aparacağıq.

- Qışda yenidən "Zirə" yə qayıtdın. Səncə, indiki performansın, qışa qədərkindən daha yaxşıdır?

- Bəli, qışda “Zirə”yə qayıtdım və meydanda hər oyunda əlimdən gələnin ən yaxşısını etməyə, komandaya bacardığım qədər kömək etməyə çalışıram. Ki, yaxşı nəticələr əldə edək. Sona qədər də bunu edəcəm.

Mirbağırağa

Xəbər xətti