"Turan Tovuz"un kapitanı Şəhriyar Əliyev Premyer Liqanın XXX turunun "Kəpəz"lə matçından (0:1) sonra Sportal.az saytının suallarını cavablandırıb.
31 yaşlı mərkəz müdafiəçisinin müsahibəsini diqqətinizə çatdırırıq:
- Derbi oyunu idi. "Kəpəz" qələbə qazansa, bizə yaxınlaşacaqdı. Rəqibi yaxşı təhlil etmişdik. Bilirdik ki, əks-hücuma yaxşı çıxırlar. Elə əks-hücumda da bizi yaxaladılar və qol vurdular. Bundan sonra biz toparlanmağa çalışdıq. Amma Piruzi Marakvelidzenin qırmızı vərəqə almağı bizi çətinliyə saldı. Çünki, 10 nəfərlə oynamaq həqiqətən də çətindir. "Kəpəz" əks-hücumda oynayırdı. İkinci hissədə daha yaxşı oynadığımızı düşünürəm. Sadəcə olaraq əlimizə düşən fürsətləri dəyərləndirə bilmədik. "Kəpəz"i təbrik edirəm. Qarşıdakı oyunlara hazırlaşacağıq.
- Çempionatın ikinci yarısında "Turan Tovuz" sanki "qara zolağ"a düşüb. Bunun səbəbi nədir?
- Əslində pis başlamamışdıq, qələbələr qazanmışdıq. Son oyunlarda nə qədər şanslarımız olur, amma dəyərləndirə bilmirik. Bəlkə də bu, bir az psixoloji cəhətdən təsir edir. Qarşıda bizi "Neftçi" ilə kubok matçı gözləyir. Motivasiyamız var. Dəhşətli "qara zolaq"da olduğumuzu deməzdim. "Neftçi" ilə ilk görüşdə sərfəli nəticə əldə edib, səfər oyununa gedəcəyik.
- Son pillələrdə olan komandalarla xal fərqi azalıb. Premyer Liqanı tərk etmək təhlükəsi hiss edirsən?
- Xal fərqi elədir ki, hələ heç nəyi təmin etməmişik. 6-cı yerdəyik. Qarşıda hələ 6 tur var. Bu komandalarla öz aramızda oyunlar olacaq. Bu vəziyyətdən çıxmaq üçün hər oyunda xal və ya xallar qazanmağa çalışacağıq.
- Matçın sonunda nə baş vermişdi?
- Mən fikir vermədim. Çünki, nəticəyə görə çox təsirlənmişdim. Derbi oyundur, belə matçlarda bu cür hallar baş verir. Həmin anda yerdə oturmuşdum, düşünürdüm ki, belə oyunda uduzmaq olmaz. Kadrlara baxıb nə baş verdiyini görəcəyik.
Elçin Əlixan
saytlarin hazirlanmasi