"Tərlan Əhmədov komandaya yeni gələndə qarşımıza altıncı yeri tutmaq məqsəd qoyduq" - MÜSAHİBƏ

10:44 - 24 Aprel 2023

"Kəpəz"in belaruslu legioneri Yeqor Xvalko Sportal.az saytına müsahibə verib. 

- "Kəpəz" 31-ci turda "Şamaxı" ilə 1:1 oynadı. Səncə, niyə qalib gələ bilmədiniz?

Düşünürəm ki, bu, normal nəticədir. Çünki biz "Şamaxı" ilə səfərdə oynayırdıq. Şamaxıya gələn bir çox komandalar problem yaşayır. Əlbəttə ki, qalib gəlmək istəyirdik. Bu oyunda yəqin ki, qalib gəlmək üçün kifayət qədər oynamadıq.

- "Kəpəz" əvvəlki matçlardan fərqli olaraq sanki yorğun görünürdü. Həqiqətən yorğunluq fonunda oynayırdınız, yoxsa "Şamaxı" istədiyinizi etməyə imkan vermirdi?

Bilmirəm. Amma komandanın yorğun olduğunu da deməzdim. Rəqib bu oyunda özünü yaxşı tərəfdən göstərdi. Bayaq dediyim kimi, şamaxılılarla Şamaxıda oynamaq çətindir. Yəqin ki, bu oyunda onlarda bizdən daha yaxşı alındı.

- "Kəpəz" mövsümün əvvəlində bu qədər yaxşı oynamırdı, rəqiblər tərəfindən ciddiyə alınmırdı. Nə dəyişdi ki, komanda yaxşı oynamağa, uğurlu çıxış etməyə başladı?

Bəli, əslində bunu hamı başa düşür. Nəticələr göstərir ki, komanda mövsümə dəhşətli başlamışdı. Bütövlükdə yeni idik. Məncə, sadəcə, o vaxtı anlaşma indiki kimi deyildi. Yeni məşqçilər korpusu gəldi, yeni tələblər oldu. Hər halda, yeni məşqçi gələndə çox şey dəyişir. Hər birinin futbola öz baxışı var. Məşqçilər korpusunun tələblərini meydanda yerinə yetirəndə bizdə hər şey də yaxşı alınır. 

- Demək olar ki, birinci diviziona düşmək təhlükəsi sizin üçün qalmayıb. Halbuki, bir ara sonuncu pillədə idiniz. Həmin periodu necə geridə qoydunuz? Yəqin ki, artıq 6-cı pilləni tutmağı da düşünürsüz? 

Birinci diviziona düşə biləcəyimiz haqda heç danışmırıq da. Sonuncu yerdə olanda, təbii ki, psixoloji cəhətdən gərginlik var idi. Amma biz işləməyə davam etdik və yavaş-yavaş xallarımızı qazandıq. Tərlan Əhmədov yeni gələndə qarşımıza çempionatda altıncı yeri tutmaq məqsəd qoyduq. Əlbəttə ki, hər zaman daha çoxunu istəyirik. Sona qədər uğurlu çıxışı davam etdirmək niyyətindəyik.  

- "Kəpəz" növbəti turda "Sumqayıt"la qarşılaşacaq. Necə düşünürsən, Premyer Liqada qalmaq uğrunda mübarizə aparan rəqibinizi məğlub edə biləcəksiz?

Biz hər oyuna xal toplamaq üçün çıxırıq. Başa düşürük ki, “Sumqayıt” da qələbə qazanmağa gələcək. Proqnoz verə bilmərəm. Bircə onu deyə bilərəm ki, qələbə üçün əlimizdən gələni edəcəyik.

- Ev oyunlarınızı Gəncədə deyil, Qəbələdə keçirirsiniz. Bu, sizin oyununuza və ya sizə psixoloji cəhətdən təsir edir?

Gəncədəki stadionumuzun ot örtüyü bərbad vəziyyətə düşəndən sonra cəmi bir ev oyunumuzu Qələbədə keçirmişik. Həmin görüşdə də qalib gələ bildik. Şəxsən mənim üçün Gəncədə oynamaq daha yaxşıdır. Çünki orada bizə dəstək üçün çoxlu sayda azarkeş gəlir və bu, bizə güc verir. "Kəpəz" azarkeşlərini oyunlarımızda gözləyirik. Həqiqətən onların hər biri bizi qüvvətləndirir. 

- Başqa klublardan və ya “Kəpəz"dən yeni müqavilə təklifi almısan?
- Heç bir təklif olmayıb. Bəli, “Kəpəz”də oynamağı bəyənirəm. Necə olacağını görəcəyik. Birinci vəzifə Premyer Liqadakı yerimizi qoruyub-saxlamaqdır. “Kəpəz” də təklif göndərməyib. 

- "Kəpəz"də şəraitsizlik var? Vitaminsizlik, yemək və maaş problemi...

- Yavaş-yavaş şərait yaxşılaşır, tezliklə baza hazır olacaq. Bu, klub üçün çox böyük üstünlükdür. Təbii ot örtüyü olan məşq meydançaları artıq hazırdır. Bir aya yaxındır ki, orada məşq edirik. Ən böyük problem stadiondur, digər problemlər həll olunur. Bəli, ümumiyyətlə, hər şey var. Sadəcə, keçən ay maaşla bağlı problemlər yaşanmışdı. O da həll edildi. Sadəcə bir az gözləməli olduq.

- Maraqlıdır ki, Azərbaycan çempionatında stabil oynasan da, adın Belarus millisi ilə heç hallanmadı. Səncə, nəyə görə milliyə dəvət edilmirsən?

- Bu suala heç cürə cavab verə bilmərəm. Həqiqətən bu haqda düşünməmişəm. Çünki öz işimi görürəm. Layiq olsam, bəlkə məni milliyə dəvət edərlər.

Mirbağırağa

Xəbər xətti