"İmişli" Premyer Liqada oynamağı hədəfləyib - "Rayonumuzda iş adamları, biznesmənlər çoxdur"

13:49 - 29 Aprel 2023

I Divizionda mübarizə aparan "İmişli" klubunun İdarə Heyətinin rəhbəri Aqşin Mürsəlov Sportal.az saytına müsahibə verib:

- Bu mövsüm I Divizionda debüt etdiniz. Çempionatın geridə qalan hissəsini necə dəyərləndirirsiniz?

- Bu mövsüm I Divizionda iştirakımız sırf komanda quruculuğu, çempionatda möhkəmlənmək istiqamətində idi. Uzun müddətdir ki, İmişlidə futbol yox idi. Burada hər kəs futbola acdır. Futbolçularımız da formadan uzaq idilər. Turnir cədvəlində aşağı pillələrdə olmağımızın səbəbi futbolçu keyfiyyətinin aşağı olması idi. Növbəti mövsümdə İmişlidən olan və Premyer Liqa təcrübəsinə sahib futbolçuları komandaya cəlb etməyi düşünürük. İndidən danışıqlar gedir. Məqsədimiz stabil komanda yaratmaqdır. 

- Növbəti mövsümdə I Diviziondan Premyer Liqaya bir neçə komandanın yüksələcəyi deyilir. "İmişli" həmin komandaların arasında ola bilər?

- Bu il Premyer Liqa üçün Lisenziyalaşdırma Komissiyasına müraciət etmişdik. Bizdə infrastruktur yüksək səviyyədədir. Sadəcə olaraq təmir işlərinə ehtiyac var. I Divizionda mövsümün ilk yarısını qonşu rayon olan Saatlıda keçirdik. Çünki, Heydər Əliyev adına İmişli Şəhər Stadionununun təmirə ehtiyacı var idi. Artıq bunu həll etmişik. Stadionda ilk oyunumuzu da keçirdik. Ot örtüyündən tam razı deyilik. Çünki, daha yaxşı ola bilər və yaxşı səviyyəyə çatdıracağıq. Digər məsələlər isə tam qaydasındadır. Həm kadrlar məsələsini, həm də infrastrukturu lisenziya şərtlərinə uyğun şəkildə həll edirik. 

- AFFA-dan sizə Premyer Liqada iştirak etməklə bağlı hər hansı müraciət olub?

- Bu mövzuda bizə AFFA-nın baş katibi Sərxan Hacıyev tərəfindən hər hansı məlumat verilməyib. Ona görə də dəqiq bir söz deyə bilməyəcəyəm. Amma ümumi olaraq həm AFFA, həm də PFL-lə Premyer Liqa barədə söhbətlərimiz olub. Zamana ehtiyacımız var. Hər şey istədiyimiz kimi getsə, bu arzumuz yaxın illərdə reallaşacaq. Əgər bu il Premyer Liqada iştirak etmək üçün şans olsa, tam hazırlaşmaq üçün bizə sadəcə bir az zaman lazımdır.

- "İmişli" AFFA-nın lisenziya tələblərinə cavab verir?

- AFFA ilə lisenziya məsələsi ilə bağlı söhbət etmişik. Bizə bildirdilər ki, kriteriyalara tam cavab verəndən sonra Premyer Liqada iştirak etmək üçün heç bir maneə olmayacaq. Biz eyni zamanda sponsor axtarışı ilə bağlı işlər də görürük. Rayonumuzda iş adamları, biznesmenlər çoxdur. Dövlətin ayırdığı puldan əlavə maliyyə dəstəyi də olmalıdır.

- Hansı kriteriyalara cavab vermirsiz?

- Lisenziya almaq üçün A kateqoriyalı tələblər var. Bu, həm kadrlarla bağlıdır, həm də qadın futbolu ilə. Bunlar da həll olunası məsələlərdir. Yəni elə ciddi problemlər deyil. Digər məsələ isə stadionun ot örtüyü ilə bağlıdır. Bunun üçün də maliyyə vəsaiti tələb olunur. I Divizion üçün ayrılan vəsait çox azdır. Əlavə investisiya cəlb etməklə bağlı işlər görürük. Futbolun İnkişafı Fondu da bizə dəstək olur. 

- Premyer Liqada iştirak etmək üçün aşağı yaş qruplarından ibarət komandaların olması da vacibdir. "İmişli"də bu məsələ nə yerdədir?

- Uşaq futbolumuz 3-4 il öncədən var. Hazırda beş yaş qrupunda komandalarımız fəaliyyət göstərir. Premyer Liqa üçün qadın komandamız yoxdur. Növbəti mövsümdən bunu da həll edəcəyik. Məşqçilərimiz var. İxtisaslı kadrları kluba cəlb edirik. 

- İmişlidə futbol akademiyası yaratmaq mümkündür?

- Əlbəttə. Akademiya qurmaq Aran regionu üçün çox vacibdir. Burada istedadlı uşaqlar çoxdur. Amma bölgədə akademiya yoxdur. Bizə ən yaxın akademiya Qəbələdədir. Bizim zonadan Qəbələdə futbolun sirrlərini öyrənən uşaqlar çoxdur. Onlar hazırda yaxşı komandalarda çıxış edirlər. Akademiyanın olması bölgədə futbolçu kütləsinin yetişməsi deməkdir. İmişlidə heç də Qəbələdən zəif akademiya olmayacaq. Bura ortaq nöqtədədir, həm cənuba, həm mərkəzə yaxındır. Məsqədimiz böyük akademiya qurmaqdır. Bu məsələdə AFFA da bizi dəstəkləyir. Üzərinizə düşəni edirik. Ümid edirəm ki, gələcəkdə daha yaxşı işlər ortaya qoyacağıq.

Elçin Əlixan

Xəbər xətti