"Neftçi" meydanda azlıqda qalmasaydı, bəlkə "Qarabağ"a qarşı daha parlaq oyun göstərərdi" - MÜSAHİBƏ

12:30 - 3 May 2023

"Neftçi"nin sabiq idman direktoru Ceyhun Sultanov Sportal.az saytına müsahibə verib. 

- "Neftçi" Azərbaycan derbisində "Qarabağ"a 2:4 hesabı ilə məğlub oldu. Nəticə sənin üçün gözlənilməz idi?

- "Qarabağ"ın "Neftçi"ni məğlub edəcəyi gözlənilən idi. Çünki "Neftçi" üçüncü yeri təmin etmişdisə, "Qarabağ"a qələbə mütləq idi. Ağdam klubu oyuna yaxşı hazırlaşmışdıq. Derbidə komandalar bir-birinə qarşı yaxşı mübarizə aparır. Necə olursa-olsun, "Qarabağ" bu görüşdə qələbə qazanmalıydı. Onu da etdilər. "Neftçi" meydanda azlıqda qalmasaydı, bəlkə daha parlaq oyun göstərərdi.

- "Neftçi"nin meydanda azlıqda qalması "Qarabağ"ın qələbəsində nə qədər önəmli rol oynadı? 

- Bu suala da eyni cavab verəcəm. “Qarabağ”ın futbolçuları və oyun üslubu “Neftçi”dən daha üstündür. Yəni, “Neftçi” nə qədər istəsə də, ortada bu cür reallıq var. Təbii ki, Azərbaycan derbisi olduğundan “Neftçi” rəqibinə müqavimət göstərməyə çalışırdı. Amma nə olursa-olsun "Qarabağ" qalib gəlməliydi ki, çempionluğu daha da tezləşdirsin.

- Bu mövsüm "Neftçi" "Qarabağ"a qalib gələ bilmədi. Sənin üçün bu mövsüm hansı görüşdə "Neftçi" rəqibi ilə heç olmasa, normal futbol oynaya bildi?

- Bəli, bir oyun yadıma gəlir. “Azərsun Arena”da keçirilən oyunlardan biri idi. “Neftçi" "Qarabağ"a qarşı çox yaxşı mübarizə aparmışdı. Düzdü, bu 65 dəqiqə çəkmişdi. Həmin dəqiqəyə qədər "Neftçi" yaxşı futbol oynamışdı.

- Dünənki görüşdə Yasin Benzia "Qarabağ"a gələndən ən yaxşı oyununu nümayiş etdirmiş oldu?

- Yasin Benzianın keyfiyyəti var, necə oyunçu olub, onu da bilirik. “Qarabağ”a gəldiyi gündən gördüyümüz ən normal performansı dünən oldu. Lakin Benzia bundan da yaxşı olmalıdır. Amma Benzia bu tempdə qalsa, “Qarabağ”a o qədər də xeyir verə bilməyəcək. Çünki formasını hələ tam bərpa etməyib. Tam formasını bərpa etsə, “Qarabağ”a daha çox xeyir verə bilər.

- Artıq ikinci mövsümdür ki, "Neftçi" "Qarabağ"a qalib gələ bilmir. Demək olar ki, "Qarabağ" "Neftçi" üçün əlçatmaz, "Neftçi" isə "Qarabağ" üçün adi rəqibə çevrilib?

- Yox, “Neftçi”nin “Qarabağ” üçün adi rəqibə çevrildiyini deməzdim. Sadəcə olaraq, oyun üslubu, keyfiyyət baxımından "Qarabağ" bütün oyunlarda "Neftçi"dən güclü görünür. Hələ ki, Laurenstiu Regekampf "Neftçi"də oyun üslubunu qura bilməyib.

- Yəqin ki, “Neftçi” üzərindəki qələbədən sonra “Qarabağ”ın çempion olacağına şübhələr qalmadı?

- Bu mövsümkü mübarizədən də göründü ki, “Qarabağ” şansı əldən verməyəcək. İndi də belədir. "Neftçi"yə məğlub olsaydılar, nəsə baş verərdi. Ancaq inanmıram ki, "Qarabağ" çempionluq şansını buraxsın. Düzdür, "Sabah" bu mövsüm çox yaxşı performans və oyun göstərdi. "Qarabağ"la eyni oyun üslubuna malikdirlər. "Sabah"ı çox bəyəndim. Amma bugünkü gün üçün yetərli deyil.

Mirbağırağa

Xəbər xətti