"Neftçi"nin sabiq baş məşqçisi Böyükağa Ağayev Sportal.az saytına müsahibə verib.
- "Neftçi" Premyer Liqanın 33-cü turunda "Turan Tovuz"a səfərdə 0:4 hesabı ilə məğlub oldu. Belə nəticə olacağını ehtimal edirdiniz?
- "Turan Tovuz"un “Neftçi”ni 4:0 hesabı ilə məğlub edəcəyini gözləməzdim. Amma Ayxan Abbasovun komandası rəqibini inamlı oyunla uddu. "Neftçi"nin oyunlarına baxıram. Bu cür oynamaq “Neftçi”yə yaraşmır. Futbolçularda həvəs yoxdur, gözləri “yanmır”. Meydana çıxıb elə-belə oynayırlar. Həvəssiz olanda, mübarizə aparmayanda hər zaman belə olacaq. Futbolçuda inam yoxdursa, orada nəticənin olması mümkün deyil.
- Bu, futbolçuların keyfiyyəti ilə əlaqədardır, yoxsa problem baş məşqçi və ya kollektiv ruhun olmamasıdır?
- Gərək komandanın daxilində olasan ki, vəziyyəti dəqiq biləsən, görəsən. Ola bilsin ki, müəyyən konfliktlər var, futbolçular məşqçi ilə yola getmirlər. Bilmirəm. Komandanın daxilində olmadığımıza görə dəqiq nəsə deyə bilmərik. Ancaq gözümüzün qabağında olan komandanın oyunudur ki, onu da hamımız görürük. Futbolçular mübarizə aparmaq istəmir.
- Bu mövsümkü nəticələrdən sonra və məzmunsuz oyundan sonra "Neftçi"nin Yurgen Gedenin rəhbərlik etdiyi dövr tez-tez xatırlanır və həmin komanda ilə müqayisə olunur...
- Mən həmin vaxtı komandaydım, Gede ilə işləyirdim. Onu komandadan çıxarandan sonra mən qaldım və baş məşqçi kimi işləməyə başladım. Gede yeddi yerli, aparıcı oyunçuları komandadan çıxarmışdı. Onların sırasında Rəşad Sadıqov, Rəşad Sadiqovu kimi futbolçular var idi. Əvəzində Avstraliyadan iki müdafiəçi gətirmişdi. Almaniyalını bir zülümlə yola saldılar, getmək istəmirdi.
- Bəs, həmin vaxtı aparıcı oyunçuları komandadan çıxaranda ona deyirdiz ki, bunlar vacib futbolçulardır?
- Onun Avstraliyadan gətirdiyi müdafiəçiləri heyətə buraxmadım, əvəzedicilərə göndərmişdim. Çünki onlar “Neftçi”də oynamağa layiq deyildi. Mən komandanı ilk dəfə "Simurq"la oyuna çıxardım və orada 2:0 qalib gəldik. Ümumiyyətlə, ondan sonra ya qalib gəlirdik, ya bərabərə qalırdıq. Yeri gəlmişkən, Gede gətirdiyi futbolçuları pis də oynasa, əsas heyətdə meydana buraxırdı. Bu da, futbolçular tərəfindən narazılıqla qarşılanırdı. Rəhbərlik başa düşəndə, onu postundan uzaqlaşdırmaq istədi. Amma Gede getmirdi, qalmışdı. Hazırda “Neftçi”dəki vəziyyət necədir, onu deyə bilmərəm. Amma sırf futbolçularda mübarizə əzmi yoxdur.
- Bu cür davam etsələr, kuboku necə qazanacaqlar?
- Rəhbərlik bunu araşdırmalıdır ki, heç olmasa finala yaxşı hazırlaşıb, bir oyunda vuruşsunlar, kuboku qazansınlar. Yoxsa, nəticə olmaz. Hiss olunur ki, “Neftçi” hazırda mübarizə aparan komanda deyil. Rəhbərlikdə təcrübəli insanlar oturub, baxıb, özləri qərar verəcək. Laurentsiu Regekampf deyir ki, gələn il yaxşı olacaq. Yəqin ki, müqaviləsi uzunmüddətlidir deyə, belə danışır. Axı, müqaviləsi olan məşqçini çıxaranda gərək təzminat verəsən.
Mirbağırağa
saytlarin hazirlanmasi