Azərbaycan millisinin sabiq üzvü, "Sumqayıt"da kapitan sarğısı daşımış Vurğun Hüseynov aktiv futbolçu karyerasını başa vurub. Sportal.az saytına müsahibə verən Hüseynov verdiyi qərarla bağlı danışıb.
- Aktiv futbolçu karyeranı başa vurdun. Bu nə ilə əlaqədar idi, zədən var idi, yoxsa oynamaq istəmirdin?
- Doğrudur, karyeramı başa vurduğumu demişəm. Ancaq hansısa komandadan təklif gəlsə, hansısa məşqçi komandasında oynamağımı istəsə, fikirləşərəm. Çünki buna gücüm çatar. Ən azı 1-2 il oynaya bilərəm. Sadəcə vəziyyətə görə belə qərar vermişəm.
- Yəni, "Sumqayıt" sənə futbolçu kimi yeni müqavilə təklif etmədi? Klubda işləmək təklifi nə vaxt gəldi?
- "Sumqayıt" məni futbolçu kimi istəmədi. İstəsəydilər, deyərdilər. Samir Abasov məşqçi kimi başlamağımı istədi. Qərar belə oldu.
- Digər klublardan təklif almamışdın? Son mövsümü necə keçirdin, ağrılar və fiziki yüklənmələr çox idi?
- Səhv etmirəmsə, 36 oyunun 25-də oynamışam. Hamısında da əsas heyətdə idim. Zədələrim olurdu, bu da normaldır. Hər futbolçu zədələnir. Samir Abasovla danışdıq, yanında məşqçiliyə başlamağımı istədi, mən də qəbul etdim. Özü də bildirdi ki, hansısa komandadan təklif olarsa, gedib oynaya bilərsən.
- Ümumilikdə, karyeran istədiyin kimi alındı, yoxsa, hər şey istədiyiniz kimi olmadı?
- Düzdü, çox çətinliklərim oldu. Səhvlərim də az deyildi. Bu da gələcəyə təcrübə baxımından çox önəmlidir. Hər şeydən nəticə çıxarmışam. Düşünürəm ki, bu qədər çətinliklərdən sonra hər şey mənim üçün yaxşı oldu.
- Maraqlıdır, niyə heç legioner həyatı yaşamadın? Variant olmuşdu, yoxsa heç vaxt təklif almamışdın?
- Xeyr, legioner həyatı yaşamaq üçün təklifim olmamışdı. Ölkə xaricindən heç vaxt təklif almamışdım.
- "Turan"ın yetirməsi olduğun üçün karyeranı Tovuz təmsilçisində başa vuracağını düşünmək olardı....
- Tovuz mənim dünyaya gəldiyim yerdir. Futbolun sirlərini də orada öyrənmişəm. İstəyərdim ki, Tovuz klubunda oynayım. Ancaq təklif olmadığı üçün oynamadım.
- Azərbaycan millisinə də cəlb edilirdin. Berti Foqtsun vaxtında oynayırdın, ancaq sonradan dəvət olunmadın...
- Bəli, Berti Foqtsun vaxtında millidə oynayırdım. Ancaq məşqçi dəyişikliyindən sonra dəvət gəlmədi. Bu da normal haldır. Çünki hər məşqçinin öz istəyi, futbola baxışı var. Hər halda, millidə oynamışam və bu da çox gözəl anlar idi.
Mirbağırağa
saytlarin hazirlanmasi