Özünü "Şamaxı"da tapan qapıçı - Ayxan Abbasovun kəşfi

14:13 - 18 Aprel 2025

Rikardo Fernandes hal-hazırda Premyer Liqanın ən yaxşı qapıçılarından hesab olunur. Kimlərə görəsə hətta ən yaxşı sayılır.

Ölkə klublarının bir neçəsi onu heyətini qatmaq istəsə də, portuqaliyalı qapıçı "Şamaxı"da qalmağa üstünlük verdi. Hərçənd, Rikardonu istəyənlər arasında imkanlı klublar da var idi. Qış transfer dönəmindən qapıçı üçün "Şamaxı"ya yaxşı pul da təklif edirdilər. 

İlk baxışdan qəribə gələ bilər ki, bu qapıçı niyə iddialı klubların təklifini geri çevirib "Şamaxı"da qalmaq istəsin ki... Amma səbəbsiz deyil. 

Məsələ burasındadır ki, hal-hazırda Premyer Liqamızın ən yaxşılarından olan 31 yaşlı qapıçı karyerasının əsas hissəsini Portuqaliyanın aşağı liqalarında ehtiyat skamyada keçirməklə xərcləyib. "Şamaxı"ya gələnə qədər son bir neçə mövsümdə barmaqla sayılacaq qədər oyuna çıxıb. 

Belə miskin karyeraya malik olan birinin bu cür yüksəlişə getməsini yəqin özü də gözləməyib. Məhz buna görədir ki, onu tapan, onu kəşf edən Ayxan Abbasovun komandasını tərk eləmək istəməyib. Yeri gəlmişkən, bu məqamda "Şamaxı"nın qapıçılarla işləyən məşqçisi Kamil Qafarovu da qeyd eləmək yerinə düşür. Ölkənin ən yaxşı mütəxəssislərindən hesab edilən Qafarovun çalışmaları da Rikardonun sərgilədiyi performansa təsir edir. 

Həmid

Xəbər xətti