"Kəpəz"in müdafiəçisi David Domgjoni klubun mətbuat xidmətinə müsahibə verib.
Sportal.az alban futbolçunun Misli Premyer Liqasının V turunda “Qəbələ” ilə matçından danışıb.
- Səncə, “Kəpəz”in heyətində debütün necə alındı? Öz oyunundan razı qaldın?
- Öncə məni və ailəmi xoş qarşıladığına görə klubun bütün əməkdaşlarına minnətdarlığımı bildirirəm. “Kəpəz”dəki debütümə gəlincə, deyə bilərəm ki, hər şey yaxşı alındı. Lakin zaman keçdikcə, oyundan-oyuna komanda yoldaşlarımı daha yaxşı tanıdıqca, bundan da güclü çıxış edəcəyəm. İstənilən halda, mənim “Kəpəz” formasında ilk oyunumun qalibiyyətlə başa çatmasına görə çox xoşbəxtəm.
- Maraqlıdır, “Kəpəz”dən təklif gələndə ilk reaksiyan necə oldu? Gəncə təmsilçisinə transferində əsas rolu nə oynadı?
- Təklif alanda, “Kəpəz”in çox xüsusi, köklü klub olduğunu öyrəndim. “Sarı-göylər”in tarixi haqqında məlumat topladım. Anladım ki, bu, mənim tipli futbolçular üçün uyğun komandadır. Tədricən kollektivin bir hissəsinə çevrilməyə çalışıram. Ümidvaram ki, biz üzərimizdə çox işləsək, “Kəpəz” gələcəkdə daha yüksək yerlərdə qərarlaşacaq.
- “Kəpəz”də ən çox bəyəndiyin nədir?
- İlkin müşahidələrimə görə əminliklə söyləyə bilərəm ki, klubun azarkeşlərlə sıx bağlılığı var. Bu, mənim diqqətimi çəkən ən böyük məqamdır. Azarkeş amili “Kəpəz”in ən güclü tərəfidir. İnanıram ki, azarkeşlərin dəstəyi sayəsində daha böyük uğurlara imza atacağıq. Biz onlar üçün, eləcə də bütün Gəncə üçün oynayırıq. Tribunalarda belə çoxlu sayda fanat gördükdə, meydançada əsl döyüşçüyə çevrilirik.
- Gəncəyə bir müddət əvvəl köçmüsünüz. Bu qısa zaman ərzində şəhəri gəzmək imkanı olub?
- Açığı, çempionatın sıx qrafikinə görə Gəncəni gəzmək imkanım olmayıb. Həyat yoldaşım və uşaqlarımla birgə yalnız şəhərin mərkəzini gəzmişik. Gəncənin küçələri təmiz, insanları olduqca dostcanlıdır. Şəhərdəki parklar, tarixi binalar çox xoşumuza gəldi.
- Bəs Gəncə mətbəxi ilə tanış ola bilmisən?
- (gülür) Hələ ki yox. Ancaq komanda yoldaşlarımdan kiminsə məni yerli mətbəxə qonaq dəvət edəcəyi günü səbirsizliklə gözləyirəm.
- Sonda, növbəti oyunla bağlı fikirlərini öyrənmək istərdim. “Kəpəz”in sentyabrın 20-də “Sumqayıt”a qarşı keçirəcəyi görüş barədə nə düşünürsən?
- Adətən, istənilən yarışda qarşıdan gələn matç ən vacibi sayılır. Biz həftəboyu tam gücümüzlə məşq etməli, oyuna ciddi hazırlaşmalıyıq. “Sumqayıt”la matçda komanda şəklində mübarizə aparıb, uğurlu nəticə göstərməliyik.
saytlarin hazirlanmasi
