Elmar Baxşıyev: "Hakimlikdən danışmaq istəmirəm"

21:24 - 18 Aprel 2025

"Araz-Naxçıvan" Misli Premyer Liqasının 31-ci turu çərçivəsində öz meydanında "Turan Tovuz"la 1:1 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Ağır oyun alındı. Hər iki komanda meydançada yaxşı mübarizə apardı. Ümumi götürəndə, bilirdik ki, bizi hansı təhlükə gözləyir. Komandanı çətin oyuna hazırlaşdıranda, rəqibin üstün cəhətlərini bildirmişdik. Yolumuza davam edirik.

- Bir xal qənaətbəxş sayırsız?

- Çempionatın sonu yaxınlaşır, hər xal xalımızın üzərinə xal gətirir. "Turan Tovuz" rəqiblərimizdən biridir. Onlar da meydanda öz iddialarını göstərirdilər. Elə oyun gedirdi ki, hər iki komanda qalib gələ bilərdi.

- Kubok oyununu düşünərək bu görüşdə nəsə dəyişiklik etmişdiz?

- Heyətimiz geniş deyil. Zədəlilərimiz də var. Bu da rotasiyaya getməyə imkan vermir.

- Hakimliklə bağlı fikriniz necədir? Vandersonu ilk səhvində bağışlamadı, amma Faiq Hacıyevə qarşı yumşaq davrandı...

- Hakimlikdən danışmaq istəmirəm. Verdiyi qərara hörmətlə yanaşmalıyıq. Bu tip oyunlarda özünüz də görürsüz ki, hər iki komanda mübarizə aparır. Məncə, ikinci sarı vərəqə...Hakimlər özləri də deyir ki, ucuz sarı vərəqdir.  

- Matçdan sonra Nuno Rodriqeslə danışığınız oldu. Nə söhbət edirdiz onunla?

- Oyuna çıxanda nə etməli olduğunu bildirmişdim. Verdiyim təlimatlarla bağlı danışdıq. 

- "Qarabağ"la kubok görüşündən gözləntiniz nədir?

- Bizim üçün hər oyun önəmlidir. Bu matçı unudub, komandanı qarşıdakı görüşə hazırlayacağıq.

Mirbağırağa

Xəbər xətti