Ançelotti Braziliya yığmasında: "Bu, bütün dünyaya verdiyimiz bir mesajdır" - RƏSMİ

22:19 - 12 May 2025

Karlo Ançelotti Braziliya millisinin baş məşqçisi olub.

Sportal.az xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyası (CBF) rəsmi açıqlama verib.

"Karlo Ançelottinin Braziliya millisinin sükanı arxasına gətirilməsi sadəcə strateji addım deyil. Bu, bütün dünyaya verdiyimiz bir mesajdır: biz yenidən zirvəyə qayıtmaq niyyətindəyik.

O, futbol tarixinin ən böyük məşqçisidir və indi dünyanın ən böyük milli komandasını idarə edəcək. Birlikdə Braziliya futbolunun tarixində yeni şanlı səhifələr yazacağıq," – deyə CBF prezidenti Ednaldo Rodriqes bildirib.

Ançelotti komandada işə artıq iyun ayında Ekvador və Paraqvayla keçiriləcək oyunlardan başlayacaq və 2026-cı il Dünya Çempionatına qədər Braziliya millisinə rəhbərlik edəcək.

Məlumata görə, 65 yaşlı mütəxəssis La Liqanın son turunda "Real Sosyedad"a qarşı keçiriləcək oyundan sonra "Real"ı tərk edəcək və 26 maydan milli komanda ilə işə başlayacaq.

Karlo Ançelotti Braziliya kişi milli komandasının tarixində ilk əcnəbi baş məşqçi olacaq.

Bu gün insayder Fabrizio Romano yazıb ki, Xabi Alonso artıq "Real Madrid"lə müqavilə bağlayıb və Ançelottinin yerinə keçəcək.

Xəbər xətti