"Kəpəz"in müdafiəçisi: "Təzyiqi üzərimizdən bir az atmışdıq" - MÜSAHİBƏ

11:36 - 12 May 2025

"Kəpəz"in müdafiəçisi Rauf Hüseynli Sportal.az saytına müsahibə verib.

- "Sumqayıt"la matçda qələbə qazandınız. Görüş haqda fikrin necədir?

- Çətin oyun oldu. İstədiyimiz nəticəni əldə etdik. Çalışdıq ki, həm yaxşı oyun göstərək, həm də yaxşı nəticə qazanaq. Düşünürəm ki, bunu etməyi bacardıq.

- Penaltini sən yerinə yetirdin. Bunun xüsusi səbəbi var idi?

Xeyr. Sadəcə bundan əvvəlki oyunda da penaltini mən vurmuşdum deyə, bu dəfə də mənə güvəndilər. Etimadı doğruldduğuma görə sevinirəm.

- Sizin görüşdən bir gün qabaq keçirilmiş "Səbail" - "Zirə" görüşünü komanda şəklində izləyirdiz?

- Təkcə "Səbail"in yox, çempionatdakı bütün oyunları izləyirik. Xüsusi izləmirdik. Çünki öz oyunumuza köklənmişdik."Sumqayıt"la oyuna köklənmişdik ki, qələbə qazanaq. 

- "Səbail"in məğlubiyyəti "Sumqayıt"la oyuna daha rahat çıxmağınıza təsir etdi?

Təbii ki, təzyiqi üzərimizdən bir az atmışdıq. Amma bu oyuna ciddi hazırlaşmışdıq. Çünki "Sumqayıt"la xal fərqimiz də bir xal idi. 

- "Şamaxı" və "Qəbələ" ilə birlikdə Premyer Liqadan düşmək təcrübəsi yaşamısan. "Atalar üçdən deyib", amma sən üçüncüdə Premyer Liqada qala bildin. Bu haqda nə deyə bilərsən?

Bəxtsizlik olmuşdu. Xeyirlisi belə imiş. Allaha şükür, bu dəfə təkrarlanmadı və Premyer Liqada qala bildik.

- "Kəpəz"in bu sezon Premyer Liqadakı performansını necə dəyərləndirirsən?

Xüsusilə qışdan sonra ən yaxşı nəticə əldə edən, çox xal toplayan komandalar sırasındayıq.

- İlk 8 turdan sonra xalınız yox idi və Premyer Liqadan düşməyə ən real namizəd idiz. Nəyi dəyişdiz?

Komanda şəklində hamı məsuliyyəti dərk etdi. Oyundan-oyuna artırdıq. Həm məşqçilər, həm də oyunçular birlikdə çalışaraq bu vəziyyətdən çıxmağı bacardıq.

- Yeni sezonla bağlı planların necədir?

Müqaviləm bitir. Qarşılıqlı razılıq olmalıdır. Hələ bu barədə düşünmürəm. Qarşıda "Qarabağ" və "Turan Tovuz"la oyunlarımız var. Həmin görüşlərdə də maksimum nəticə əldə edib, daha yuxarı pillələrdə yer almağı planlaşdırırıq.

- Legioner limitinin ləğvi azərbaycanlı futbolçuların Premyer Liqada oynamasına necə təsir edəcək?

Xeyrinə, yoxsa ziyanınadır, bunu gələn sezon biləcəyik. Artıq qərar verilib. Danışmağın bir adı yoxdur. 

- Azərbaycanlı futbolçuların kənarda qalacağını, klubların legionerlərə üstünlük verəcəyi təhlükəsini hiss etmirsənki?

Daha çox çalışmaq lazımdır. Özünü daha çox sübut etməlisən.

Elçin Əlixan

Xəbər xətti