"Bilirdik ki, bizi ağır oyun gözləyir. Allah bizə şans vermişdi, yararlanmaq istəyirdik. Amma alınmadı. Yaxşı mübarizə apardıq. Futbolçulara təşəkkür edirəm. İdman xoşbəxtliyi bizdən yan keçdi".
Sportal.az xəbər verir ki, bu sözləri "Səbail"in məşqçisi Elvin Məmmədov Misli Premyer Liqasının 34-cü turunun "Zirə" ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını da cavablandırıb.
- Mənə görə "Səbail"in Premyer Liqadan düşməsinin günahkarı siz olmasaz da, məşqçi kimi sizə yazılacaq. Birinci liqada işləyib, yenidən komandanı Premyer Liqaya qaytarmaq istəyəcəksiz?
- Şansı mənə verdiyinə görə rəhbərliyə təşəkkür edirəm. Əlimizdən nə gəldisə, etməyə çalışdıq. Mənim də adım var. Bu barədə rəhbərliklə danışmamışıq. Çünki ümidimiz var idi. Yenidən Premyer Liqaya yüksəlmək üçün təklif olarsa, niyə də olmasın?
- Komandanın yüksək liqadan düşməsi baş məşqçiyə psixoloji zərbə vurur. Bu baryeri aşmaq çətin olacaq, yoxsa hazır idiz?
- Biz də mental cəhətdən dəyişməliyik. O qədər gənc məşqçilər var. Niyə də olmasın? Futbolda eniş də var, yüksəliş də. Niyə qayıtmaq olmasın? Niyə travma olsun? Çox yaxşı şeylər də oldu. Səhvlərim də var, düzgün etdiyim şeylər də. İşə yeni başlamışıq, hədəfimiz var. Gənclərə güvənməmək düşüncəsini dəyişməliyik. Niyə gənclərə güvənməyək? Bəlkə kimsə özünü sübut edəcək? Bu gün xoşbəxtəm, B kateqoriyam ola-ola ağır yükü mənə verdilər. Hamımız çalışdıq. Yaxşı şeylər də var idi.
- Klub rəhbərləri yerli gənclərə güvənmirlər...
- Rəhbərliyimiz mənə güvənib. Hər bir klub belə etsə, nə gözəl. O qədər örnəklər var ki. Gələcəyi fikirləşməliyik.
- Mövsümün əvvəlində gəlsəydiz, yenə də "Səbail" aşağı liqaya düşərdi?
- Bu sualı mənə çox verdilər. Mən özüm haqda böyük-böyük danışmaq istəmirəm. Zaman keçib. Bəlkə mən olsaydım, bundan da betər olardı. Ya da daha yaxşı şeylər olardı.
Mirbağırağa
saytlarin hazirlanmasi