"Sabah"ın sabiq müdafiəçisi, hazırda Özbəkistanda "Navbahor" klubunda oynayan Hiqor Qabriel Sportal.az saytına müsahibə verib.
- Özbəkistanda işlərin necə gedir?
- Hər şey yaxşıdır. Təbii ki, daha da yaxşı olması üçün daim çalışırıq. Hazırda çempionatda 7-ci pillədəyik. Amma liderdən cəmi 6 xal geridəyik. Komandalar arasında xal fərqi çox deyil.
- Maraqlıdır, son vaxtlarda heç Azərbaycan klublarından təklif almısan?
- Xeyr. Azərbaycan klublarından təklif almamışam. İndi Özbəkistandakı karyerama fokuslanmışam.
- Sabiq komandan olan “Sabah”ın çıxışını indi izləyirsən?
- Təbii ki, bu komandada oynamışam və ara-sıra nəticələrə baxıram. Amma düzü, oyunlara baxmıram.
- Hər halda, yəqin ki, "Sabah"ın iddiasından xəbərin var. Səncə, onlar bu mövsüm çempion ola biləcəklər?
- Bəli, klubun iddialı olduğunu bilirəm. Amma çempion olub-olmayacaqları barədə bir şeyə deyə bilmərəm. Azərbaycan futbolunu çox da yaxından izləmirəm.
- Azərbaycan və Özbəkistan liqaları haqda məlumata sahibsən. Hansı çempionatı daha güclü hesab edirsən?
- Bəli, müqayisə apara bilərəm. Mən təəssüf ki, Azərbaycanda az oynadım. Ancaq Özbəkistanda daha çox oynayıram. Fikrimcə, burada daha da güclüyəm.
- Bildiyim qədərilə, “Qarabağ”ın yeni transferi Dani Bolt keçmiş komanda yoldaşındır, onunla birlikdə “Fluminense”də oynamısan....
- Bəli, bəli. Boltla birlikdə oynamışıq, bir-birimizi yaxşı tanıyırıq.
- Necə düşünürsən, “Qarabağ”ın yeni ulduzu ola bilər?
- Bu, Boltun özündən asılıdır. Mən onun haqda yalnız xoş sözlər deyə bilərəm. Dani xüsusi oyunçudur və ən yaxşı performans göstərə bilər. Onu təbrik edirəm və uğurlar arzulayıram.
- Yenidən Azərbaycana qayıtmağın realdır?
- Əlbəttə ki, mümkündür. Sabah necə olacağını heç kim bilmir. Mən hazırda “Navbahor”dakı karyerama fokuslanmışam.
Mirbağırağa