"Turan-Tovuz"un qapıçısı Oleq Baklov Misli Premyer Liqasının 3-cü turunda “Neftçi” üzərində qazandıqları qələbəni (1:0) şərh edib.
Sportal.az saytına açıqlama verən tacik qolkiper Bakıdakı üç xalın vacib olduğunu deyib:
"Bu, cari mövsüm ən çətin oyunumuz oldu. Xüsusən də birinci hissə çətin alındı. İkinci hissədə "Neftçi"nin futbolçusu meydandan qovulduqdan sonra oyun daha da çətinləşdi. Nə yaxşı ki, görüşdə qələbə qazana bildik. Bizim üçün çox vacib üç xal oldu".
Baklov, “Turan Tovuz”un bu mövsümkü çıxışını dəyərləndirib: “Hesab edirəm ki, start pis alınmadı. Amma 2-ci turda “Araz-Naxçıvan”la görüşdə də xal qazana bilərdik. Məcburi səhvlər olmasaydı, indi daha çox xalımız olardı. Çempionluğa gəlincə, mən bunu artıq dedim, biz oyundan-oyuna növbəti görüşü düşünürük, hər matç üçün qarşıya məqsəd qoyuruq. Mövsümün sonunda turnir cədvəlinə baxacağıq. Təbii ki, avrokuboklarda oynamaq istəyirik, həm də çempion olmaq məqsədimiz var. Uğur qazanmaq üçün var gücümüzlə çalışacağıq".