"Çox yaxşı qalibiyyət oldu. Belə qələbələr ölkəmizdə futbolu sevdirmək üçün böyük təkandır. Bu cür mübarizəyə görə futbolçularıma təşəkkür edirəm. İlk dəqiqələrdə bəlkə də stress var idi. Amma get-gedə oyunu ələ ala bildik. Azərbaycan futbolu və klub tarixində Çempionlar Liqasında ilk qələbəmiz oldu. Futbolçularıma inam gəldi, klub olaraq bir az da böyüdük. 0:2-dən sonra dönüş etdik. Futbol elə oyundur ki, eyni motivasiya ilə davam etməliydik. Bunu fasilədə də futbolçularıma dedim. İstədiyimizdən geri dönməməliydik. Doğrudur, buna bəzən meydanda rəqib mane olur. Amma futbolçularda inam oyunun gedişatında daha da çoxaldı. Bu, çox vacib idi. Belə görüşlərdə tələb etmişdim ki, sadə itkilər çox az olmalıydı. Amma təəssüf ki, yenə oldu. Futbolun dili birdir".
Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Heydər Əliyev adın Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında bildirib. O, Çempionlar Liqasının ilk turunda "Benfika" ilə görüşündə səfər qələbəsindən(2:3) sonra digər rəqiblərin onlara daha da ciddi yanaşacağını söyləyib:
"Biz hiss edirik ki, rəqiblər bizi nə dərəcədə ciddiyə alır. Bu oyundan sonra daha böyük klublar bizi çox ciddiyə alacaqlar. Bizim üçün böyük problemlər yaratmağa çalışacaq. Ötən mövsüm Avropa Liqasında cəmi 1 qələbəmiz olmudşu. Amma daha çox xalımız olmalıydı. Bəzən gözləmədiyin nəticələr də olur. Futbolçularıma həmişə deyirdim ki, futbol elə həddə çatıb ki, istənilən matçda uğurlu nəticə əldə etmək mümkündür. Sadəcə meydanda inamlı olmaq lazımdır. İnanıram ki, bu qələbə qarşıdakı matçlar üçün də əlavə güvən verəcək. Qarşıdakı görüşlərdə də qələbə üçün oynayacağıq".
Sonda isə Qurbanov, Kamilo Duranın performansını dəyərləndirib: "Duranın çıxışını yaxşı dəyərləndirirəm. Onun əvvəllər ən az oynadığı mövqe elə hücumun irəli ucu idi. Amma onun bu bacarığı da var. Lakin bu o demək deyil ki, Duran hər zaman hücumda oynayacaq. Hansı matçda lap öndə faydalı olacağını düşünsək, onu orada oynayadacağıq. Qol vurduğu üçün demirəm, amma işgüzarlığına görə məni qane etdi".
Mirbağırağa
saytlarin hazirlanmasi