"Qarabağ"ın sabiq futbolçusu Rüfət Quliyev Sportal.az saytına müsahibə verib.
- "Qarabağ" Çempionlar Liqasının liqa mərhələsinin 6-cı turunda “Ayaks”a Bakıda uduzdu. Bu görüşdə Azərbaycan çempionunun uduzmasına səbəb nə oldu?
- "Qarabağ"ın "Ayaks"a uduzması hamımızı üzdü. İstəməzdik ki, belə nəticə qeydə alınsın. Çünki "Qarabağ" pley-off şanslarını artırmaq üçün yaxşı şans əldə etmişdi. Qarşıdakı matçlar daha da çətindir. Biz deyirik ki, yaxşı oynadıq. Amma yaxşı oynayıb uduzmaq bizə sərf etmir. Bu dəqiqə bizim üçün nəticə önəmlidir. Çoxdandır ki, nəticə qazanmağın vaxtı çatıb, istər klub, istərsə də yığma səviyyəsində. Çünki özümüz də görürük ki, keçmiş potsovet ölkələri inkişaf edir. Bəzi ölkələr dünya çempionatına vəsiqə qazanır, biz isə heç FİFA reytinqində 2-3 pillə irəliləyə bilmirik.
- "Qarabağ" sona 10 dəqiqə qalmış 3 qol buraxaraq uduzdu. Rəqibin qarşısını almaq çox çətin idi yəqin ki?
- Birinci hissənin sonlarında və ümumilikdə matçın sonunda qol buraxmaq problemli məsələlərdir. Düzdür, dəyişiklilər baş məşqçinin öz fikridir. Amma əvəzetmələr düzgün olmadı. Oyunu elə qurmalıydıq ki, bizə lazım olan hesabı qoruyaq. Demirəm ki, müdafiə dayanaq. Sadəcə oyunu elə qurmaq olardı ki, əks-hücumlar zamanı o cür qollar yaranmasın. İlk iki qolları öz səhvlərimizdən buraxdıq. Mövqe səhvləri idi. Digər qollar da əks-hücumlardan sonra oldu və bu da "Ayaks"ın səviyyəsini göstərdi. "Ayaks" həqiqətən də çox güclü klubdur. Sadəcə uğursuzluq dönəmində idi, bu mövsüm qənaətbəş nəticələri yoxdur. Onların hər zaman güclü oyunçuları, güclü strategiyaları var. Dünyanın ən yaxşı akademiyalarına sahibdir.
- Azərbaycan çempionunu qarşıda “Ayntraxt” və “Liverpul”a qarşı görüşləri qalıb. Azərbaycan çempionunun pley-off şanslarını necə dəyərləndirirsiniz?
- Futboldur, hər şey ola bilər. Məlumdur ki, "Qarabağ" Liverpula uduzmağa getməyəcək. Oynamağa, qalib gəlmək üçün ora yollanacaqlar. Futboldur da, hər kəs meydana qələbə üçün çıxır. Amma öncə "Ayntraxt" görüşü var. Onu da nəzərə alaq ki, bu klublar da xallar qazanmaq istəyirlər, onlar üçün vacibdir. Çətin olacaq.
- Önəmli məqam odur ki, Almaniya Bundesliqası davam edən dönəmdə Azərbaycan Premyer Liqasında fasilə dönəmi olacaq. Bu, “Qarabağ” üçün əngəldir?
- Bəli, Bundesliqa davam edəcək, bizdə isə fasilə olacaq. Təbii ki, bu, "Qarabağ" üçün mənfi hal kimi görünə bilər. Çünki oyun praktikası, futbolçuların fiziki, idman forması kimi detallar var. Hər halda, məşqçilər korpusu bu barədə düşünürlər. Yəqin yoldaşlıq matçları olacaq. Amma yenə də deyirəm ki, burada müsbət tərəfi yoxdur, yalnız mənfi tərəfi var. "Qarabağ" yeni ildə ilk rəsmi matçına çıxacaq. İstənilən halda, "Qarabağ"a uğurlar arzulayırıq, Azərbaycan çempionudur. Çox istəyərdik ki, nəticə bu komanda üçün xoş oldu. Uğurlar arzu edirəm onlara.
- Çətin olsa belə, "Qarabağ"ın bunu reallaşdıra biləcəyini düşünürsünüz?
- Əlbəttə. "Qarabağ" bu mövsüm də ÇL-də uğurlu çıxış edib. Futboldur da, hər şey mümkündür.
Mirbağırağa
