Ötən ili “Alay”da keçirmiş Azərbaycanın U-21 yığmasının sabiq üzvü İldar Alekperov bu klubda uğurlu performans göstərdikdən sonra Qırğızıstanın digər klubu olan “Ozgon”la müqavilə imzalayıb.
Sportal.az saytına açıqlama verən 24 yaşlı vinger millimizə dəvət edilmək şansından, Azərbaycan klublarından ona təklifin olub-olmamasından danışıb:
"Ötən il “Alay”da işlərim yaxşı alındı, statistikam da pis deyilid. Həm performans, həm də rəqəmlər baxımından olduqca yaxşı keçdi. Çox çalışdım və bilirdim ki, əgər davamlı olaraq yüksək səviyyədə çıxış etsəm, mütləq maraq yaranacaq. Xüsusi gözləntilərim yox idi, amma layiqli bir təklif gələrsə, növbəti addımı atmağa hazır idim.
Azərbaycan Premyer Liqasından maraq var idi, bu sirr deyil. Amma o zaman mən yalnız liqanın adına baxmırdım; şərtlərə, oyun vaxtına və inkişaf perspektivlərinə diqqət yetirdim. Mənim üçün sadəcə komandada olmaq yox, orada oynamaq və inkişaf etmək vacibdir. Ona görə də seçdiyim yolla davam etməyə qərar verdim.
Hər bir futbolçu milli komandanı xəyal edir - mən də istisna deyiləm. Əlbəttə ki, uğurlu çıxışlarımın nəzərə alınacağına ümid edirdim. Qırğızıstanda oynayarkən Azərbaycan millisinə düşməyin mümkün olmadığını düşünmürəm. Hər şey performansınızdan, stabilliyinizdən və oyun səviyyənizdən asılıdır. Əgər həqiqətən fərqlənirsinizsə, harada oynamağınızdan asılı olmayaraq diqqət çəkəcəksiniz".
Mirbağırağa
