"Zirə"nin sabiq məşqçisi: "Şanslar bərabərdir, sadəcə onların finalda qələbəyə çox ehtiyacı var"

14:57 - 13 May 2026

"Kubok oyunları həmişə çempionat matçlarından fərqli olur. Tarixə baxsaq, görərik ki, hətta bəzi ölkələrin liqalarında I Liqa klubları finala çıxıb, kuboku da qazanıb. Razıyam ki, "Sabah" bu mövsüm çempionatda yaxşı çıxış etdi. Amma bu, kubok oyunudur və bir oyundan ibarətdir. Etiraf edək ki, "Zirə" çempionatdakı çıxışı ilə "Sabah"dan heç də geri qalmırdı. Düşünürəm ki, bu oyunda hər iki komandanın da şansı var".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Zirə"nin sabiq məşqçisi Azər Məmmədov deyib. O, bu gün "Sabah" və "Zirə" komandaları arasında keçiriləcək Azərbaycan kubokunun final görüşü haqda təxminlərini irəli sürüb. Məmmədovun sözlərinə görə, "Zirə" üçün final görüşü daha vacibdir:

"Bəli, razıyam ki, avrokuboklara vəsiqə qazanmaqdan ötrü "Zirə" üçün bu oyun daha önəmlidir. Konkret olaraq, avrokuboklara vəsiqəni təmin etmək üçün vacib görüşdür. "Sabah" çempion olub. Amma deməzdim ki, məhz buna görə onlar kuboka əhəmiyyətli yanaşmayacaq. Onlar da istəyəcək ki, "qızıl dubl" edərək tarix yazsın.  "Zirə"nin isə finalda qələbəyə daha çox ehtiyacı var. Deməzdim ki, bu, "Zirə" üçün təzyiqdir, sadəcə onlar məsuliyyəti "Sabah"la müqayisədə daha çox olacaq.

Son illərdəki "Zirə"yə nəzər salsaq, görərik ki, onlar hər zaman müdafiədəki etibarlı oyunu ilə seçilmiş komandadır. Onlar ən az top buraxan komandalardan biri olub. "Zirə"nin komanda şəklində müdafiə davranışı çox yaxşıdır. Doğrudur, "Zirə" bu mövsüm "Sabah"a iki dəfə uduzub, bir dəfə 2:2 oynayıb. Amma final matçı çempionat oyunlarından seçiləcək. Kubokun final matçıdır, bir qol buraxan komanda üçün sonradan qol vurmaq çətin olacaq. Finallarda bəzən bir qol vuran qalib gəlir. Hər iki komanda ehtiyatlı olacaq. "Zirə" az top buraxmaqla seçilib, müdafiə olunmağı da yaxşı bacarır".

Mirbağırağa

Xəbər xətti