Məğlubiyyətin əvəzini çıxmaq... "Sabah"ın dünənki qələbəsi kağız üzərində belə görünür. Əslində isə "Sabah" Danimarkada da "Orhus"dan yaxşı oynamışdı və dünənki darmadağın əvəz çıxmaqdan çox, güc nisbətinin göstəricisi idi.
"Sabah"ın komanda olaraq vacib bir üstün tərəfi var. Oyunun gedişində artıra bilirlər. Bunu "Orhus"la səfər matçında da görmüşdük, Masazırdakı oyunda da gördük. Bu, hər bir komanda üçün çox əhəmiyyətli keyfiyyətdi. Məsələn, götürək elə dünya çempionu olan İspaniyanı. Turnirin ilk oyunları ilə müqayisədə finala qədər artıra-artıra irəliləmələri mundialda qalib gəlmələrində vacib rol oynadı.
Hər oyunun öz hekayəsi var. Heç də həmişə hər şey məşqçinin düşündüyü kimi getmir. Valdas Dambrauskasın özəlliklərindən biri də odur ki, düşdüyü duruma uyğun, rəqibin təklif etdiyi oyuna qarşılıq olaraq, ani/çevik adaptasiya eləyə bilir komandanı. İlk matçda da "Orhus"un zəif tərəfləri görünmüşdü. Dambrauskas rəqibi kitab kimi oxudu, dərsindən də 5 aldı!
Mikels çox fəal idi, Simiç göz oxşayırdı. Rəqib komandanın baş məşqçisi Yakob Poulsen "Sabah"ın heyətində İvan Lepinitsanın oyununu qeyd edib. Siyahını uzatmaq da olar. Çünki "Sabah" komanda kimi yaxşı təsir bağışladı. Lakin bir ad çəkməli olsam, mən "Aleksey İsayev" deyərəm. Millimizin yarımmüdafiəçisi faydalı iş əmsalına görə üst səviyyə bir oyun keçirtdi.
ÇL-in pley-off mərhələsində "Sabah"ı "Hapoel Beer-Şeva" gözləyir. Çempionumuzun hazırlıq səviyyəsi bu rəqibi də mübarizədən kənarlaşdırmağa imkan verir. ÇL-in Liqa mərhələsinə vəsiqə qazanmaq fantastik olar. Bu ana qədər "Sabah" təxminən 17 milyon manat qazanc əldə edib. Gedişatdan asılı olaraq rəqəmin daha da böyüməsi mümkündür. Amma ÇL-in Liqa mərhələsinə vəsiqə qazanılmasa belə, "Sabah"ın etdikləri ölkə futbolu üçün olduqca böyük uğurdur.
Emin Abbasov
saytlarin hazirlanmasi
