"Onların yerinə 10 futbolçu gətirmişəm"
I divizionda çıxış edən "Şəmkir" fevralın sonunda start götürəcək II dövrəyə hazırlıqlarını davam etdirir.
Sportal.az "Kəpəz TV"yə istinadən xəbər verir ki, son illər uğursuz çıxışıyla diqqət çəkən Qərb təmsilçisi yüksək yerlər uğrunda mübarizə aparmasa da, fasilədən sonra vəziyyəti düzəltməyə çalışacaq.
Təsadüfi deyil ki, fasilə müddətində komandada köklü dəyişikliklərə start verilib. İlk olaraq baş məşqçi Ruslan Abbasovla vidalaşan "qırmızı-ağlar" onun boşaltdığı postu Kamran Əlibabayevə etibar edib. Yeni çalışdırıcının gəlişindən sonra komandada islahatlar aparılıb. Mövsümün əvvəlində kluba gələn oyunçuların əksəriyyəti heyətdən kənarlaşdırılıb. Əvəzində komandaya xeyli sayda futbolçu cəlb olunub. Düşərgəyə yeni təşrif buyuranlar baxışdadılar. Əsas məsələ baş məşqçinin etimadını qazanmaqdı.
Kamran Əlibabayev ("Şəmkir"in baş məşqçisi): "Yanvarın 15-də yığışıb, bir gün sonra məşqlərə başladıq. 8-9 futbolçunu komandadan uzaqlaşdırdım. Onların yerinə 10 futbolçu gətirmişəm".
Komandanın məşqlərində 20 futbolçu iştirak edir. Onların arasında ən təcrübəlisi Rövşən Əmiraslanovdu. Doğma klubuna dəvət alan futbolçu yüksək hədəflərə çatmaq üçün Şəmkirə dönüb.
Rövşən Əmiraslanov ("Şəmkir"in futbolçusu): "Şəmkirli futbolçuyam. Bir çox iddialı klublarda oynamışam. "Şəmkir" də tarix yazan klublardan biri olub. Sevindirici haldı ki, komandaya dəvət almışam".
Təlim-məşq toplanışının hazırkı mərhələsində "Şəmkir" əsasən taktiki və texniki hazırlıqlara üstünlük verir. Qarşıdakı günlərdə kollektiv bir neçə yoldaşlıq görüşü keçirəcək.
"Şəmkir" I divizionda öz bazası olmayan klublardandı. Bu səbəbdən komanda yerli Olimpiya İdman Kompleksində məskunlaşaraq ev oyunlarını da burada keçirir.
saytlarin hazirlanmasi