"Qurban Qurbanova heykəl ucaldılmalıdır"

11:44 - 29 Avqust 2017

“Qarabağ”ın “Kopenhagen”i sıradan çıxarıb Çempionlar Liqasında qruplara qalmasından sonra təmsilçimiz bütün diqqətləri özünə cəlb edib. Bir neçə gündü ki, qitənin saysız-hesabsız media orqanları ağdamlılar haqqında yazılar dərc edir, sosial şəbəkələrdə təmsilçimiz barədə xəbərlər paylaşılır.

 

Sportal.az xəbər verir ki, məsələyə biganə qalmayanlarda biri Almaniyanın “Fussball" nəşri olub. "Qarabağ" barədə geniş məlumat verən sayt verilən yazıda təmsilçimizin 1993-cü ildən – Ağdamın işğalından sonra köçkün həyatı yaşamasından xəbər verib. Həmçinin təmsilçimizin ev oyunlarını doğma şəhərindən kənarda - paytaxtda keçirdiyi qeyd olunub. Həmkarlarımız Ağdam klubunun son illərdəki uğurlarından da bəhs edib.

 

Qaçqın komandasında yerli futbolçularla yanaşı, Miçel, Dino Ndlovu, Donald Gerrye, Riçard Almeyda və İbrahim Şehiç kimi oyunçuların çıxış etdiyi vurğulanıb. 

 

 

Yazının sonunda isə Qurban Qurbanovun gördüyü uğurlu işlərə də nəzə salınıb. 2008-ci ildə kluba gətirilən mütəxəssisin son 4 mövsümdə "Qarabağ"ı ölkə çempionu etdiyi qeyd edilib. Komandanı ardıcıl Avropa Liqasının qrup mərhələsinə 3 dəfə yüksəldən baş məşqçinin Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması tarixi və möhtəşəm uğur kimi qiymətləndirilib. Yazının sonunda bu cümlə qeyd edilib: "Didərgin komandanı mötəbər turnirin qrup mərhələsinə yüksəldən çalışdıırcıya heykəl ucaldılmalıdır".

 

Xəbər xətti