Yuri Maksimov: "Onun oyun tərzi məni qane etmir" MÜSAHİBƏ

00:38 - 5 Mart 2018

"Güclü və layiqli olaraq, 3-cü yerdə gedən komandaya qarşı oynadıq. Heç-heçə də bizim üçün pis nəticə sayılmayacaqdı. Çünki "Sumqayıt"la görüşdə də heç-heçəyə oynadığımız vaxt sonuncu dəqiqədə top buraxdıq. Bu gün isə uğur bir qədər bizim tərəfdə idi. 
 

Sportal.az xəbər verir ki, bunu "Keşlə"nin baş məşqçisi Yuri Maksimov səfərdə "Zirə"ni 2:1 hesabı ilə yendikləri Topaz Premyer Liqasının XVIII tur matçından sonra mətbuat konfransında deyib. Ukraynalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb... 

 

- Ötən bir həftə ərzində nə baş verdi ki, "Keşlə" daha istəkli oldu?
- "Sumqayıt”la oyunda ilk və son dəqiqədə qol buraxdığımızdan, mənəvi cəhətdən ölü vəziyyətində idik. Belə qollar buraxmaq və sonradan özünə gəlmək çox ağırdır. Lakin biz bir araya gəldik və dedik ki, nəticə bizim üçün vacib deyil. Ən əsası, meydanda bir-birimiz üçün döyüşməliyik. Baş verən müəyyən məqamlar barədə isə danışmaq istəməzdim. Bu, bizim öz mətbəximizdir və öz aramızda çözəcəyik. 

 

- Komanda qarşısında istefa verməyiniz doğrudur?
- Xeyr, belə bir şey olmayıb.
 
- Bu gün Pablo Podiunun 15-ci dəqiqədən sonra oynamağa hazır olmadığı aşkar görünürdü. Onu meydana buraxmaq öz seçiminiz idi, yoxsa mətbuatda yazılanları nəzərə alaraq şans verdiniz?
- Mətbuatda belə söhbət də getmişdi, özü də demişdi ki, baş məşqçidən soruşun. Bu gün ona şans verdim. Mənim üçün bütün futbolçular eynidir. Kim yaxşı məşq edirsə, o da oynayır. Məşqdə tapşırıqları yerinə yetirməyən futbolçu oynamayacaq. Mən Podioya şans verdim ki, hər kəs görsün. O, təmiz toplara oynayır, ağırdır, top almır. Mənim üçün yerli və ya əcnəbi futbolçu söhbəti yoxdur. Kim daha hazırdırsa, o da oynayır. 

 

- Siz Pablo Podionu fiziki cəhətdən zəif hesab edirsiz, yoxsa oyunçu kimi sizi qane etmir?
- Onun oyun tərzi qane etmir. Azərbaycanda futbol fərqlidir. Burada fikirləşməyə vaxt verilmir. Topu alan kimi qərar verməlisən.  

 

- Sizə uyğun deyildisə, onu niyə komandaya cəlb etmisiniz?
- Artıq onu unudun.  
 
- Məqsəd İsayevin oynamamasının səbəbi nədir?
- "Sumqayıt"la oyundan əvvəl xəstələndikdən sonra 5 gün məşq etmədi. Özündən soruşduq ki, oynaya biləcəksənmi? Razılıq verdi. Lakin oyunun birinci hissəsində pis çıxış etdi. Nəticədə onu əvəzlədik və digər futbolçulara şans verdik. 

 

- Tərlan Quliyevə ilk dəfə şans verdiniz. Ona bundan sonra da şans verməyi düşünürsünüz, yoxsa bu, Fuad Bayramovun yoxluğu ilə bağlıdır?
- Fuadın yoxluğu hiss olunurdu. O, bizim əsas heyət üzvümüzdür. Bayramova inanıram. Topu qəbul edir, ağıllı oynayır, topu almağı bacarır. 3 oyunumuzu 4-4-2 və ya 4-5-1 sxemi üzrə keçirmişik. Bu gün isə taktikamızı dəyişdik. Çünki futbolçular əvvəllər 3-4-3 və ya 3-5-2 taktikası ilə çıxış ediblər. Bu səbəbdən, Tərlan dərhal əsas heyətə düşdü. O, əvvəllər də yaxşı futbolçu idi. Sadəcə, taktikamız fərqli olduğu üçün mərkəz müdafiəçiləri mövqeyində Adrian Skarlatake və Denis Silva oynayırdı. (sportnet.az)

Xəbər xətti