Samir Abasov: "İndiki vaxtda radikal addım atmaq düzgün deyil"

22:40 - 30 Sentyabr 2018

“Zirə”nin baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının VI turunda səfərdə “Sumqayıt”a 0-1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az xəbər verir ki, Abasov öncə oyunla bağlı fikirlərini bölüşüb:

 

- Danışmaq çətindir. Oyunumuz alınmadı, çox pis mübarizə apardıq. Təzyiq altındayıq, məğlub olduqdan sonra vəziyyətimiz daha da pis olur. Bizə bir qələbə lazımdır, ancaq bunu qazanmaq üçün vaxta ehtiyacımız var. Komandamızın gələcəyi var, rəhbərliyimiz bizə dəstək olur. Komandaya yaxın olan adamları, azarkeşləri başa düşürəm. Yaxşı vəziyyətə gələcəyik. Bəzi oyunçularımız çətinlik çəkirlər. İndiki vaxtda radikal addım atmaq düzgün deyil. Qışa qədər səbir etməli, sonra fikirləşməliyik.

 

- Bəzi məşqçilər legioner axtarır. Ancaq sizin legionerlərinizin çox hissəsi ehtiyatda oturmuşdu. Bunun səbəbi nədir?

- Futbolçular oyunda nəyə qadir olduğunu göstərməlidir. Dedovdan narazı idim, buna görə ehtiyatda idi. Bu gün Mirsahibə şans verdik, yoxladıq. Mirsahib özünü daim ehtiyatda qalmağa öyrəşdirib. Ondan çox şey gözləyirdik, lakin istədiyimizi əldə edə bilmədik.

 

- 46-cı dəqiqədə əvəzetmə limitinizi başa vurdunuz. Qapıçı Anar Nəzirov zədə alsaydı, onu kiminlə əvəz edəcəkdiniz?

- Bir nəfəri tapıb qapıya qoyacaqdıq. Vüqar Mustafayevin zədələnməsi planlarımızı pozdu.

 

- Komanda hücuma çıxmaqda çətinlik çəkir. Oyun qurucusunun olmaması fikri ilə razısınız?

- Bəli, oyun qurucumuz azdır. Açığı, oyunçu axtarışındayıq, danışıq aparırıq. Bu mövqe ümumiyyətlə, Azərbaycan futbolunun problemidir.

Xəbər xətti