“Bütün oyunları bacardığımız qədər uğurlu keçirməyə çalışırıq. Sabah da belə olacaq”.
Sportal.az saytı xəbər verir ki, bu sözlər “Vorskla”nın hücumçusu Yuri Kolomoyetsə məxsusdu. Ukrayna millisinin üzvü bugünkü mətbuat konfransında Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”la keçiriləcək qarşılaşma ilə bağlı fikirlərini bildirib. 28 yaşlı futbolçu məqsədlərinin qələbə qazanmaq olduğunu vurğulayıb:
- Sabah səliqəli və gözəl oyun göstərəcəyik. Azərbaycandakı matçda hücumda yaxşı çıxış etməsək də, sabah fərqli olacaq.
- “Qarabağ”ın gücünü ilk matçda gördünüz. Sabahkı oyunda şansınızı necə dəyərləndirirsiniz?
- Şanslar yarı-yarıyadı. Bu, görüşə necə yanaşmağımızdan asılı olacaq. Fiziki hazırlıqdan da çox şey asılıdı. Məşqçilər korpusu rəqibi yaxşı təhlil edib, bizi lazımınca hazırlaşdırıb. Məşqçimiz rəqibin zəif və güclü tərəflərini sabah yenə deyəcək.
- Sizdən sabah qol və ya məhsuldar ötürmə gözləyə bilərikmi?
- İlk oyunda məhsuldar ötürmə verə bilərdim. Amma həmin epizodda top dirəyə dəydi. Qol vurmaq və assist etmək mənim işimdi. Sabah da bunun üçün çalışacam. İlk növbədə komandanın uğuru üçün çalışıram. Məqsədimiz qrupdan çıxmaq olacaq və bunun üçün çalışacağıq.
- Oyunlara özünüzü necə hazırlayırsınız?
- Hər bir oyuna maksimum köklənməyə çalışırıq. Xüsusən də, Avropa Liqası matçlarına. Poltavanı və Ukraynanı təmsil etdiyimizi başa düşürük. Bunlar ölkəmiz üçün vacib oyunlardı. Həmişə özümüzü ən yaxşı tərəfdən göstərməyə çalışırıq. Rəqibin hansı səviyyədə olmasının bir fərqi yoxdu. Sabah da əlimizdən gələni edəcəyik.