Ernan Krespo Bakıya gəlir

11:15 - 21 Dekabr 2018

Avropa Liqası növbəti dəfə Bakıda futbol azarkeşlərini sevindirəcək.

 

Sportal.az xəbər verir ki, 2019-cu il, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final oyununa hazırlıq kampaniyası çərçivəsində dünya şöhrətli argentinalı hücumçu Ernan Krespo UEFA-nın ulduz səfiri qismində dekabrın 23-də paytaxtımıza gələcək. 

 

Həmin gün, saat 12:00-13:00-da UEFA Avropa Liqasına həsr olunmuş muzeydə Milan “İnter”inin heyətində 3 dəfə İtaliya çempionu olmuş Kresponun imza günü təşkil olunacaq.  

 

Muzey ziyarətçiləri imza günündə sabiq hücumçu ilə yaxından tanış ola, ondan imza ala, eləcə də foto çəkdirə biləcəklər.

 

Saat 13:00-da isə muzeydə Ernan Kresponun mətbuat nümayəndələri üçün brifinqi keçiriləcək.

 

Ernan Krespo İtaliyanın “Parma” klubunun heyətində UEFA Kubokunun 1998/99 mövsümünün qalibi olub. Onun adı 2004-cü ildə FIFA-nın 100 illik yubileyi münasibətilə Pele tərəfindən tərtib edilmiş həyatda olan 125 ən yaxşı futbolçunun siyahısında yer alıb.

 

Qeyd edək ki, 2017-ci il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi tərəfindən 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda (BOS) keçirilməsi haqqında qərar qəbul edilib.

Xəbər xətti