Nihat Kahveçi: "Bu, Azərbaycan üçün böyük şansdır"

11:40 - 4 Mart 2019

Bakının UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final matçına ev sahibliyi etməsi ilə əlaqədar ölkəmizə səfər edən Türkiyə yığmasının sabiq futbolçusu Nihat Kahveçi jurnalistlərə müsahibə verib.
 
Sportal.az xəbər verir ki, 39 yaşlı veteran hücumçu Avropa Liqasının final matçının Bakıda keçirilməsinin Azərbaycan adına böyük şans adlandırıb:
 
"Bildiyiniz kimi, Türkiyə milli komandasının sabiq futbolçusu olaraq, daha öncə də Bakıya gəlmişəm. Burada Azərbaycan yığmasına qarşı oynamışdıq. Səhv etmirəmsə, 7 il əvvəl idi. Hava limanından otelə gələnə qədər, ulduzlar matçına yollanarkən gördüm ki, Bakı inanılmaz dəyişib. Futbola yatırım olduğu üçün Avropa Liqasının finalı Bakıda reallaşacaq. Bu, böyük layihədir. Azərbaycan üçün böyük şansdır. “Napoli”, “Arsenal”, “Sevilya”, “İnter”, “Vilyarreal”, “Valensiya”, “Çelsi” kimi komandalar turnirdə mübarizə aparır. Sanki Çempionlar Liqasıdır. Həqiqətən də şanslısınız. Gözəl final olacaq. Prezident İlham Əliyevə, AFFA rəhbəri Rövnəq Abdullayevə təşəkkür edirəm, bizi çox gözəl qarşıladınız. Mən sizə Türkiyədən salamlar gətirmişəm. Burda olmaqdan sevinirəm”.
 
Nihat Türkiyə klublarının Avropa Liqasında uğursuz çıxış etdiyini bildirib və favortini açıqlayıb: "Təbii ki, könlümüzdən Türkiyə klublarının daha da irəli getməsini istəyirdik. Ancaq təəssüf ki, 1/8 finala yüksəlmədik. Favorit baxsaq, beş dəfə qalib olan “Sevilya”dır. “Napoli”, “Arsenal”, “Çelsi”, “Benfika” kimi komandalar var. “Napoli” güclü komandadır, finalda olacaqlarını düşünürəm".
 
Sabiq futbolçu keçmiş komandası "Vilyarreal"ın turnirin finalına yüksəlməsinin çətin olduğunu vurğulayıb: “Vilyarreal”ın hədəfi La Liqada yerini qorumaqdır. Çünki çempionatda aşağı yerlərdə qərarlaşıblar. Avropa Liqasında bura qədər gəlmələri uğurdur. Ancaq finala gedəcəklərmi? Məncə, çətindir".
 
Nihat "Ulduzlar Finalı"nda gözləriniz Darko Kovaçeviçi axtarırdı" sualına belə cavab verib: "Mənə desəydilər, Kovaçeviçi gətirərdim. Mənim “Real Sosyedad”da çıxış etdiyim dönəmlərdə oyunlarımı Azərbaycanda da göstərirdilər. Hər kəs Kovaçeviç, Xabi Alonso və Karpindən danışır. Bu da məni xoşbəxt etdi".

Xəbər xətti