Avropa Liqasının finalına neçə bilet satılıb? - AFFA-dan açıqlama

22:34 - 27 May 2019

Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədar paytaxtın 4 nöqtəsində bilet satışı davam etdirilir.

 

Sportal.az xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İnformasiya və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Firuz Abdulla deyib.

 

Onun sözlərinə görə, satış nöqtələri şəhərin müxtəlif istiqamətlərində fəaliyyət göstərir: “Biletlər “28 Mall”, “Port Baku” və “Gənclik Mall” ticarət mərkəzləri və Heydər Əliyev Sarayının kassalarında satılır. Artıq bu günə olan məlumata görə, final oyununa 52 mindən artıq bilet satılıb. Yəni 52 mindən artıq bilet sahibinə təqdim edilib. Onların arasında UEFA-nın sponsorları, əməkdaşlıq etdiyi təşkilatlar var ki, biletlər sahiblərinə çatdırılıb”.

 

Firuz Abdulla bildirib ki, final oyununa nə qədər azarkeş və turistin bilet aldığı məlum deyil: “Bilet satışının ümumi statistikası aparılır. Amma nə qədər biletin turistə və yerli azarkeşlərə satıldığı məlum deyil”.

 

AFFA rəsmisinin sözlərinə görə, hazırda Bakı Olimpiya Stadionu “Çelsi” – “Arsenal” oyununu izləmək üçün 63 min nəfər azarkeşi qəbul etməyə hazırdır: “Stadion 68 min nəfərə yaxın azarkeş tutumludur. Lakin final oyunu ilə bağlı UEFA bəzi dəyişikliklər edib. Stadionda studiyalar qurulub, xüsusi yerlər yaradılıb. Ona görə də hazırda stadion 63 min nəfər azarkeş qəbul edə biləcək”.

 

Xatırladaq ki, mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının final matçında 30 mindən çox əcnəbi azarkeş iştirak edəcək.

 

Yarış ərəfəsində azarkeşlərin rahat və təhlükəsiz daşınması üçün 12 məntəqədə 450 avtobus fəaliyyət göstərəcək. Bakı Beynəlxalq Hava Limanına çarter reysi ilə gələn “Çelsi” və “Arsenal” azarkeşləri üçün 40 marşrut avtobusu ayrılıb.

 

Mayın 29-da Bakı vaxtı ilə saat 23:00-da Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Finalda “Çelsi” ilə “Arsenal” komandaları qarşılaşacaq (Trend).

Xəbər xətti