Unai Emeri: "Bu məqam bizə xüsusi üstünlük vermir"

18:20 - 28 May 2019

Avropa Liqasının finalında "Çelsi" ilə qarşılaşacaq "Arsenal"ın baş məşqçisi Unai Emeri mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az xəbər verir ki, ispan mütəxəssis titul qazanmaq istədiklərini deyib.

 

- Xatırlayıram ki, siz 2012-ci ildə “Atletiko” ilə oyunda demişdiniz ki, çempionatlarda çox uğurlu məşqçisiniz, amma kuboklarda isə o qədər uğurlu deyilsiniz. İndi isə vəziyyət fərqlidir...
- Mən tam olaraq sualı başa düşmədim. Özümü yaxşı hiss edirəm. Bizim üçün yaxşı fürsətdi. Hər dəfə ancaq irəliyə baxıram, niyyətim də ancaq gələcəyədir. 


- Deyə bilərsinizmi, Petr Çex öz peşəkar karyerasının son oyununda meydanda olacaq, ya ehtiyatda?
- Sabah böyük bir çıxışımız olacaq. Bizim üçün əsas hədəf titulu qazanmaqdır. İstəyirik ki, bu məqamdan həzz alaq, karyeramız üçün önəmli andır. Çex haqqında çox danışmaq olar, o, böyük oyunçudu. Bizimlə son dəfə meydana çıxacaq. Çalışırıq ki, onun üçün qələbə qazanaq. 


- “Arsenal”ın bu vaxta qədər Avropada ciddi uğurları olmayıb. Siz bu titulu qazanmaqda özünüzü məsul hiss edirsinizmi?
- Hesab edirəm ki, indiyə qədər yaxşı gəlmişik. Bundan sonra bizim hədəfimiz çempion olmaqdır və Çempionlar Liqasına düşməkdir. Çalışacağıq ki, yüksək motivasiya ilə oynayaq. Yarış getdikcə daha da nüfuzlu hal alır. Keçən il də güclü komandalar çıxış edirdi finalda. Hər iki komandanın heyətində güclü oyunçular var.

 

- Arsen Venger Premyer Liqanı 3 dəfə qazanıb. Amma avrokuboklarda heç vaxt titul qazanmayıb. Sizin isə belə şansınız var. Deyə bilərikmi siz bir mövsümə Vengeri üstələmisiniz?
- Arsen Vengerin bu klubda etdikləri möhtəşəmdir. Bu kluba böyük töhfələr verib, “Arsenal”a yeni futbol mədəniyyəti gətirib. Mən istəyirəm ki, bunu saxlayım və təkmilləşdirim. Əsas hədəfim bütün yarışlarda rəqabətə davamlı komanda yaratmaqdı. Vengerdən çox şey öyrənmişəm. İstəyirəm ki, bu komandaya kömək edim ki, nailiyyətlər qazansın. Futbol dünyasında ən yaxşı mövqelərə nail olaq. 


- Siz sabah qalib gəlsəniz ümumilikdə 4-cü AL kuboku olacaq. Bunu dünyada heç kim qazanmayıb. Sizin üçün rekord nə qədər önəmlidir?
- Udmaq da olar, uduzmaq da. Çalışırıq ki, oyunçuları xüsusi hazırlaşdıraq və başa salaq ki, bu, xüsusi bir vəziyyətdir. Azarkeşləri də nəzərə alırıq. Çalışırıq ki, onlara qürur bəxş edək. Əlbəttə ki, ÇL bizim hədəfimizdir. Mövsüm başlayanda komandada müəyyən çətinliklər var idi. Amma sabah bizim gözəl şansımız olacaq, həm titul qazanmaq, həm də ÇL-də oynamaq üçün. 

 

- Çox güman ki, Çex bu finaldan sonra “Çelsi”yə gedəcək. Siz bu barədə nə düşünürsünüz?
- Buna hörmətlə yanaşıram. Çex möhtəşəm oyunçu və qapıçıdır. Biz ona inanırıq və karyerası da bunu göstərir. Qərar verməmişəm start heyətində olacaq, ya yox, amma ona böyük hörmətlə yanaşırıq.

 

- ÇL və AL arasında hansı fərqlər var? Dinamika sizin hazırlığınıza təsir edir?
- Mən AL-də 10 il ərzində böyük irəliləyişlər görürəm. Buradan ÇL-ə birbaşa vəsiqə çox önəmli haldır. Böyük beşlik ölkələrində ilk 4-lüyə düşmək çox çətindi, ona görə də AL bu baxımdan daha yaxşı yol kimi görünür. Bu isə yarışın nüfuzunu artırıb. “Sevilya”da işləyəndə də bunu müşahidə etmişəm. Finallarda “Atletiko”, “Marsel” kimi klublarla qarşılaşmışıq. Ona görə də “Arsenal” da, “Çelsi” də bu yarışda həvəslə oynayırlar. 

 

- “Çelsi” artıq ÇL-yə vəsiqəni təmin edib. Sizin üçün isə son imkandı. Bu, sizə xüsusi üstünlük verirmi?
- Məncə, bu məqam bizə xüsusi üstünlük vermir. Çünki bütün komandalar ilk növbədə titul qaznmaq istəyirlər. Əsas məsələ tituldu.

 

- Bakıda on minlərlə azarkeşiniz olmayacaq, bu, sizin üçün nə qədər məyusedicidir?
- Bu, əslində, məyusedici deyil. Bir neçə il öncə mən Tbilisidə Super Kubok oyununda oynamışam. Amma qərar verilibsə ki, Bakıda oynanılsın, biz bunu qəbul etməliyik. Amma bütün dünyada hər iki komandanın azarkeşləri var, həmçinin Azərbaycanda da. Hesab edirəm ki, bizim burda istənilən halda azarkeşlərimiz olacaq. İstərdim ki, daha çox yerli azarkeşlərimiz bizimlə olsun, amma belə də məyus olmuram.

Xəbər xətti