“Sabah”ın baş məşqçisi Jelko Sopiç “Qarabağ”la yoxlama oyunundan (0:5) sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az xəbər verir ki, xorvatiyalı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirib:
- Rəqib bizdən üstün oynadı. Məni sevindirən odu ki, hər iki komandada zədələnən olmadı. Bu oyuna baxıb, nəticə çıxaracağıq.
- Hesabın belə acınacaqlı olması oyuna bir həftəlik hazırlıqla bağlıdı, yoxsa rəqibin futbolçularının daha yaxşı olmasıyla?
- Əlbəttə, biz karantin müddətində futbolçulara məşq proqramı vermişdik. Ola bilər ki, bəziləri yaxşı hazırlaşıb, bəziləri pis. Ancaq bu oyun elə də əhəmiyyətli deyil. Onlar liderdi, biz 6-cı yerdəyik. Təbii ki, futbolçuların keyfiyyəti arasında fərqlər var.
- “Sabah”ın çempionata hazır olması üçün 12 gün bəs edəcəkmi? Şənbə və bazar günləri karantin tətbiq olunacaq, məşq edə bilməyəcəksiz…
- Bilmirəm, baxacağıq. Bəzi ölkələrdə hazırlıq üçün 5 həftəlik vaxt verilib, bizdə də bu qədər.
- Bu vəziyyətdə çempionatı bitirmək daha düzgün qərar olardı, ya davam etdirmək?
- Həqiqətən, bir az çətindi. Oyunlarımız karantin gününə düşür, necə dəyişiklik olacaq, bilmirəm. Futbolçulara da necə təsir edəcəyi bilinmir. Təxminən 10 oyun var, bu da 4 gündən bir edir. Biz hər gün oynaya bilərik, ancaq futbolçulara necə təsir edəcək, onlar bunu necə qəbul edəcək, bilmirəm.
- İlk hissədə meydana çıxan gənc futbolçularda nəsə görə bildiz?
- Ölkənin ən yaxşı komandasına qarşı oynadıq. “Sabah”ın formasını geyinən hər kəs mübarizə aparmalıdı. Futbolçuları çox da fərqləndirmək istəmirəm. Bu, çox önəmli deyil.
- Amin Seydiyev planlarınızda necə yer alır? Yeni mövsümdə onu əsas heyətdə görəcəyikmi?
-Amini qışda istəyirdim, ancaq alınmadı. O, bizim planlarımızda yer alır. Aminə şans verəcəyik.
- Klub prezidenti bildirib ki, yeni transferimiz olacaq. Bu, əcnəbidi, yoxsa yerli?
- Nəsə demək çətindi. Karantindən əvvəl – aprelin 4-də rəhbərliklə danışmışam və mənə hansı mövqelər üçün futbolçular lazım olduğunu demişəm. 1-2 ay ərzində açıqlamalar verilə bilər.
- Kluba gələndən cəmi 3 qələbə qazanmısız. Burda hədəfiniz nədi?
- İlk oyunlarımda “Qarabağ” və “Neftçi”ylə qarşılaşdıq. Sonra “Qəbələ” ilə kubok oyununda məğlub olduq. Qışdan sonra yeni futbolçular gəldi və çempionatın başlamasına bir gün qalmış bizə qoşuldular. Bizim o qədər də geniş heyətimiz yoxdu. Komandaya oyunçu gətirərkən ad önəmli deyil. Əsas olan ürəklə oynamaqdı. Ramil Şeydayev bizə gec qoşuldu və ona da vaxt lazım idi. Gələcəkdə daha yaxşı heyət quraraq, daha üstün hədəflər üçün mübarizə apara bilərik.